İyulun 9-da Fransanın Kann şəhərində “Azərbaycan mədəniyyəti günləri” çərçivəsində “Bakı - Avropa Oyunları - 2015”in təntənəli təqdimatı olub. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Avropa oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva mərasimdə iştirak edib.
Tədbirin aparıcısı mərasim iştirakçılarına Azərbaycan, onun tarixi və mədəniyyəti haqqında məlumat verib, zəngin mədəni dəyərlərə malik olan Azərbaycanın təxminən 1 ildən sonra ilk Avropa oyunlarına ev sahibliyi edəcəyini vurğulayıb.
Tədbirdə çıxış edən Kann şəhərinin meri Devid Lisnard Qafqazın mirvarisi olan Azərbaycan ilə Aralıq dənizinin mirvarisi olan Kann şəhəri arasında dostluq əlaqələrinin getdikcə inkişaf etdiyini bildirib. Artıq ikinci dəfədir ki, Kannda Azərbaycan mədəniyyəti günlərinin təşkil olunduğunu xatırladan mer Azərbaycanın zəngin mədəni dəyərlərə malik olduğunu söyləyib, gələn il Bakıda ilk Avropa oyunlarının yüksək səviyyədə təşkil olunacağına əminliyini ifadə edib.
Mehriban Əliyeva mərasimdə çıxış edib.
Mərasimdə “Bakı - Avropa Oyunları - 2015”ə həsr edilən videotəqdimat olub. Burada ötən dövrdə görülən işlər, tikilən idman obyektləri, Avropa oyunlarının Təşkilat Komitəsinin Mehriban Əliyevanın rəhbərliyi ilə keçirilən toplantıları haqda geniş məlumatlar yer alır.
Fransa Olimpiya və İdman Komitəsinin prezidenti Deni Masseqliya 2015-ci ildə ilk Avropa oyunlarının Azərbaycanda keçirilməsini böyük hadisə adlandırıb, bu istiqamətdə görülən işləri yüksək qiymətləndirib. Avropa oyunlarına hazırlıq işlərinin yüksək səviyyədə həyata keçirildiyini deyən Deni Masseqliya Bakının Avropa oyunlarını uğurla başa vuracağına əmin olduğunu bildirib.
Sonra “Bakı - Avropa Oyunları - 2015”in təqdimatına həsr edilmiş ziyafət olub. Mərasimdə Azərbaycanın incəsənət ustaları konsert proqramı ilə çıxış ediblər.
Daha sonra Kann şəhərinin məşhur Kruazett bulvarında Azərbaycan bəstəkarlarının musiqisinin sədaları altında atəşfəşanlıq olub.