10.jpg
21 fevral 2015

Macarıstanda “Bakı-2015” birinci Avropa Oyunlarının təqdimatı keçirilib

Fevralın 21-də Macarıstanın paytaxtı Budapeştin tarixi “Viqado” konsert sarayında Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycanın Macarıstandakı səfirliyinin dəstəyi ilə “Bakı-2015” birinci Avropa Oyunlarının təqdimatı keçirilib.

 

Tədbirdə Macarıstanın insan resursları naziri Zoltan Baloq, Budapeşt şəhərinin meri İştvan Tarloş, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, deputatlar, Macarıstanda akkreditə olunmuş səfirliklərin nümayəndələri, bu ölkənin idman veteranları və birinci Avropa Oyunlarında iştirak edəcək idmançılar, Macarıstanda işləyən və yaşayan azərbaycanlılar iştirak ediblər.

 

Mərasimdən əvvəl gənclər və idman naziri Azad Rəhimov, Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev və Macarıstanın Olimpiya Komitəsinin idman məsələləri üzrə direktoru Laszlo Fabian birgə mətbuat konfransı keçiriblər. “Bakı-2015” Avropa Oyunlarının qısa təqdimatından sonra jurnalistlərin sualları cavablandırılıb.

 

Laszlo Fabian Avropa Oyunlarının yüksək səviyyədə keçiriləcəyinə əmin olduğunu deyib. O, Bakıdan yeni qayıtdığını və hazırlıq işlərinin yüksək səviyyədə aparıldığını bildirib.

 

Sonra tədbirin rəsmi hissəsi başlayıb.

 

Mərasimin aparıcısı Azərbaycan və Macarıstan arasındakı tarixi əlaqələr, Heydər Əliyev Fondunun və onun prezidenti Mehriban Əliyevanın ölkə daxilində və xaricdə mədəni irsin qorunub saxlanması, mədəniyyətlərarası dialoqun təşviq olunması və gənclərin təhsil almaları üçün imkanların yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi işlərdən söz açıb.

 

Azad Rəhimov Azərbaycanın növbəti illərdə ev sahibliyi edəcəyi beynəlxalq idman yarışları barədə danışıb. Birinci Avropa Oyunları haqqında məlumat verən nazir bu idman yarışının Azərbaycan üçün əhəmiyyətindən, eləcə də onun Avropanın idman həyatına verəcəyi töhfələrdən bəhs edib. A.Rəhimov Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın sədri olduğu “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin fəaliyyətindən də söhbət açıb.

 

Macarıstanın idman, turizm və digər sahələri özündə birləşdirən insan resursları naziri Zoltan Baloq yarışların yüksək səviyyədə təşkilinə Azərbaycan Prezidenti İlham Əliyevin dəstəyini xüsusi vurğulayıb. Nazir Azərbaycanla Macarıstan arasındakı tarixi dostluq əlaqələrindən də danışıb.

 

Avropa Oyunlarına hazırlıq prosesini əks etdirən filmin nümayişindən sonra ziyafət verilib. Ziyafət zamanı Azərbaycanın lirik mahnıları səslənib, Bakının görüntülərini əks etdirən videoçarx göstərilib.

 

Tədbir çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanmış, Azərbaycanın milli mənəvi dəyərlərini, zəngin tarixini özündə əks etdirən kitablar və incəsənət xadimlərinin əsərlərindən ibarət sərgi də nümayiş etdirilib. Macarıstanın dövlət və hökumət rəsmiləri, mədəniyyət və incəsənət xadimləri sərgi ilə tanış olublar.


FOTO