Mayın 4-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2025” keçirilib.
“Küləyə qalib gəl” şüarı ilə təşkil edilən yarışda 28 minədək iştirakçı qeydiyyatdan keçib.
Artıq 8-ci dəfədir keçirilən Bakı Marafonuna tanınmış siyasi-ictimai, incəsənət xadimləri, ziyalılar qoşulub. Ümumilikdə marafonun 200-dən çox rəsmi və fəxri iştirakçısı olub.
Marafona Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəmizdə yaşayıb-çalışan əcnəbilər də qatılıblar, həmçinin digər ölkələr - Almaniya, Amerika Birləşmiş Ştatları, Avstraliya, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Fransa, Hindistan, İspaniya, İtaliya, Kanada, Niderland, Özbəkistan, Polşa, Rusiya, Türkiyə, Ukraynadan və digərlərindən qoşulanlar olub.
Startdan öncə marafon iştirakçıları öz təəssüratlarını bölüşüblər.
Yürüşdə fiziki imkanları məhdud şəxslər və Daun sindromlu uşaqlar da iştirak ediblər.
Marafona səhər saat 10-da start verilsə də, saat 7-dən etibarən Bayraq Meydanında artıq yarış əhvali-ruhiyyəsi yaşanıb. Burada yaradılan atletlər zonasında iştirakçılar üçün yarışdan əvvəl yoqa, isinmə məşqləri keçirilib, “fan zona”da DJ-lər öz bacarıqlarını göstərib, müxtəlif əyləncə və interaktiv oyunlar təşkil edilib.
Start və finiş nöqtələri Dövlət Bayrağı Meydanı olan marafonun marşrutu Dənizkənarı Bulvar, o cümlədən paytaxtın mərkəzi küçə və prospektlərini, ümumilikdə 21 kilometrlik məsafəni əhatə edib.
Marafonun marşrutu boyu şəhərin müxtəlif ünvanlarında da əyləncə zonaları təşkil edilib.
Kişilər arasında yarışın qalibi türkiyəli Atac Sezgin olub. Ukraynalı Vitali Şafar finiş xəttini ikinci keçib. Bürünc medalı isə Türkiyənin digər təmsilçisi Murat Emekdar qazanıb.
Qadınların mübarizəsində ukraynalı Natalya Semenoviç finişə hamıdan tez çatıb. Azərbaycanı təmsil edən Anna Yusupova ikinci, yaponiyalı atlet Eriko Soma üçüncü yerə layiq görülüb.
Tələbələr arasında finişə hamıdan tez Azərbaycan İdman Akademiyasında təhsil alan Miyanə Xəlilova və Nihad Cabbarlı çatıblar.
Paravelosipedçilərin mübarizəsində Tofiq Babayev 1-ci, Orxan Nəbiyev 2-ci, Bəhlul Əliyev 3-cü yeri tutub.
Finiş xəttinə ilk çatan korporativ iştirakçı Teymur Fərəcov olub.
Qaliblərə mükafat və medallar təqdim edilib.
“Bakı Marafonu 2025”in mükafatlandırması iki kateqoriyada olub. Marafonun kişi və qadın iştirakçıları qaçış zolağında ilk 3 yer uğrunda mübarizə aparıb. Kişi və qadın kateqoriyalarının hər birində 1-ci yerin qalibi 3000 AZN, 2-ci yerin qalibi 2000 AZN, 3-cü yerin qalibi isə 1000 AZN məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif olunub. Finiş xəttini keçən ilk 2000 iştirakçı da “Bakı Marafonu 2025”in medalları ilə mükafatlandırılıb. Bununla yanaşı, bütün marafon iştirakçılarına və yarışın təşkilində dəstək göstərən könüllülərə sertifikatlar təqdim olunub. Qeyd edək ki, marafona 400-dən çox könüllü cəlb edilib. Regionlardan 500 nəfər RİİB (Regional İnkişaf İctimai Birliyi) könüllüsü isə iştirakçı kimi marafona qatılıb.
Marafon iştirakçıları, şəhər sakinləri və qonaqlar üçün Dövlət Bayrağı Meydanında ənənəvi olaraq əyləncə zonası da yaradılıb. Burada müxtəlif əyləncələr, yarışlar, idman tədbirləri keçirilib, sevimli ifaçıların iştirakı ilə musiqili proqram təşkil olunub.