001.JPG
7 oktyabr 2012

Yevlaxda məhdud fiziki imkanlı insanlar üçün Regional İnformasiya Mərkəzi istifadəyə verilib

Oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə Yevlax şəhərində inşa olunmuş məhdud fiziki imkanlı insanlar üçün Regional İnformasiya Mərkəzinin açılışında iştirak edib.


Prezident İlham Əliyev mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.


Məlumat verildi ki, bu mərkəz Heydər Əliyev Fondunun “Kor və görmə qabiliyyəti zəif olan insanların İKT-yə çıxışının təmin edilməsi” layihəsi çərçivəsində inşa olunub. Şəhərin Heydər Əliyev prospektində inşa edilən mərkəzin üçmərtəbəli binasında beş sinif, bir tədris, bir audio-studiya otağı, kitabxana və digər yardımçı otaqlar vardır. Artıq xaricdən gətirilən avadanlığın quraşdırıldığı model İKT sinifləri yaradılıb, kitabxana və təlim mərkəzləri fəaliyyətə başlayıb. Bununla da kor və görmə qabiliyyəti zəif olan uşaqların Brayl şriftli kitablardan istifadə imkanlarının genişləndirilməsi istiqamətində ciddi addım atılıb. Bundan əlavə, gözdən əlil insanlar üçün audio kitabxana və tələb olunan bütün növ ədəbiyyatın audio formatda hazırlanması işi həyata keçirilib. Hazırda bu proses davam edir.


Mərkəzdə kompyuter mərkəzi də istifadəyə verilib. Kor və görmə qabiliyyəti zəif olan insanlar üçün təlim keçəcək müəllimlərin hazırlanması işi aparılıb, kompyuterlər üçün “Virqo” xüsusi proqram təminatı Azərbaycan dilinə tərcümə edilərək lokallaşdırılıb.


Bildirildi ki, kor və məhdud görmə qabiliyyətinə malik insanların İKT ehtiyaclarını müəyyən etmək üçün Azərbaycanın müxtəlif regionlarında 12 min respondent arasında sorğu aparılmış, “Rəqəmsal fərqin aradan qaldırılması üzrə Milli Strategiya” işlənib hazırlanmışdır. Xaricdən gətirilən avadanlıqla təchiz olunan mərkəzdə “Pronto”, “Brayl” printeri və digər zəruri avadanlıq quraşdırılmışdır.


Azərbaycan Prezidenti mərkəzdə yaradılmış şəraiti yüksək qiymətləndirdi, kollektivi təbrik etdi.


FOTO

VİDEO