01.jpg
5 mart 2007

Heydər Əliyev Fondu “Müharibə və tarixi mədəniyyət abidələrimiz” kitabını nəşr edib

Heydər Əliyev Fondunun milli-mədəni dəyərlərimizin öyrənilməsi, təbliği və gələcək nəsillərə çatdırılmasına, Azərbaycan həqiqətlərinin dünyaya yayılmasına yönəldilmiş daha bir xeyirxah layihəsi reallaşmışdır. "Heydər Əliyev Fondu təqdim edir..." seriyasından nəşr olunan növbəti kitab "Müharibə və tarixi mədəniyyət abidələrimiz" adlanır. Kitab respublikamızın tanınmış alimlərinin, mütəxəssislərin iştirakı ilə hazırlanmışdır.

 

Bu kitaba işğal altında qalan Azərbaycan ərazilərindəki tarixi mədəniyyət abidələrinin, ziyarətgahların, məscid və məbədlərin adları toplanmış, haqlarında maraqlı, zəngin məlumatlar verilmişdir. Hazırda həmin siyahının genişləndirilməsi, erməni işğalçılarının viran qoyduqları abidələrin, inanc yerlərinin müəyyənləşdirilməsi və mədəniyyətə, mənəviyyata qarşı soyqırım faktlarının dünya ictimaiyyətinə çatdırılması istiqamətində araşdırma və tədbirlər davam etdirilir.

 

Kitab Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın ön sözü ilə açılır. Nəşrin mahiyyətini və məzmununu incəliklərinə qədər açıqlayan "Ön söz"də deyilir: "Azərbaycan xalqı çox böyük sivilizasiya tarixinə malikdir. Dünya xalqları sırasında tarixi ənənələrinə və yüksək maddi-mənəvi dəyərlərinə görə özünəməxsus yeri olan xalqımız zaman-zaman ağır sınaqlara məruz qalsa da, bu dəyərləri itirmədən, qoruya-qoruya bu günümüzə çatdırmışdır. Mədəni irsimizin zənginliyi, tarixi kökümüzün saflığı, əqidəmizin, inancımızın möhkəmliyi, milli düşüncəmizin əhatəliliyi və bütün insanlığa açıq baxışlarımız xalqımızın üstün məziyyətlərindəndir.

 

Biz, bəlkə də çoxlarının həsəd apara biləcəyi daha bir keyfiyyətimizlə seçilməkdəyik. Təkcə əqidə və inanc məsələlərində deyil, ictimai şüurun bütün sahələrində tolerantlıq - dözümlülük və xoşgörü başqa mədəniyyətlərə ehtiram bizlərə xasdır. Heç şübhəsiz, milli tariximiz əsrlər boyu dini əqidəmizlə, müqəddəslərə ehtiramla, əcdadlarımızın ərməğan qoyduğu maddi-mənəvi abidələrə qayğı və məhəbbətlə səciyyələnir. Hər bir xalqın bu gününə və sabahına münasibəti onun öz tarixinə münasibəti ilə ölçülür. Nə gözəl ki, xalqımız özünün müstəqilliyinə qovuşduqdan sonra tarixin unutdurmağa çalışdığı bir çox məsələlərə yenidən qayıtmaq şansı əldə etmişdir.

 

Bu məsələlərdən biri də mənəvi tariximizdə böyük rol oynamış pirlər, xanəgahlar və sairə ziyarətgahlarımızın qorunması və öyrənilməsidir. Həmin müqəddəs yerlər tariximizin müxtəlif dövrlərində sufi ordenlərinin geniş yayılmasından və bu ideoloji sistemin daşıyıcıları olan dərvişlərin fədakarlığından xəbər verir. Geniş sosial-mədəni təsisatlara çevrilmiş dərviş hərəkatı özündə dərin fəlsəfi-poetik anlayışlarla yanaşı, pak və ilahi bir dünyagörüşü təbliğ etməkdə idi. Diyarbədiyar dolaşan bu insanlar eyni zamanda milli mədəniyyətimizin daşıyıcıları və bu mədəniyyətin böyük islam sivilizasiyasına qovuşmasına yol açan səyyar maarifçilər, əqidə fədailəri idilər. Fikir tariximizin yüzlərlə ustadı, kəlam və hikmət sahibləri bu xanəgahlardan dünya söz xəzinəsinə töhfələr verərək, xalqımızın adını yüksəklərə ucaltmışlar.

 

Pirlər və digər müqəddəs yerlər həmişə insanlar üçün mənəvi saflaşma, özünüdərketmə, bir sözlə kamilləşmə məkanı olmuş və olmaqdadır. Azərbaycanda belə səcdəgahlar çoxdur.

 

Lakin təəssüflə qeyd etmək istəyirəm ki, bu gün işğal altında olan ərazilərdə yerləşən müqəddəs ziyarətgahlarımız vəhşicəsinə dağıntıya məruz qalır ki, bu da bütün beynəlxalq normalara zidd vandalizmdən başqa bir şey deyil. İnanırıq ki, tarixə əl uzadanların cavabını elə tarix özü verəcəkdir.

 

Möhtərəm oxucularımıza təqdim olunan bu kitab, əminəm ki, hər bir soydaşımız üçün maraqlı bir vəsait olacaqdır".