18 may 2006

"Heydər Əliyev Fondu - 2005-2006" kitabı Azərbaycan və ingilis dillərində nəşr edilib

"Heydər Əliyev Fondu - 2005-2006" kitabı Azərbaycan və ingilis dillərində nəfis tərtibatda çapdan buraxılmışdır.

 

Kitab fondun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın "ÖN SÖZ"ü ilə açılır: "Azərbaycan xalqının yetirdiyi dahi şəxsiyyət, müdrik dövlət xadimi, müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin adını daşıyan fondun yaranmasından 2 il keçir.

 

Dövlət müstəqilliyimizin bərqərar olması, möhkəmləndirilməsi, iqtisadi tərəqqisi, milli mədəniyyətimizin qorunub inkişaf etdirilməsi, vətəndaş cəmiyyətinin yaradılması, ölkəmizin dünya birliyində öz layiqli yerini tutması üçün ümummilli liderimizin müəyyən etdiyi və dönmədən həyata keçirdiyi siyasi kursun tam düzgünlüyü artıq real təsdiqini tapmışdır, bu fakt hamı tərəfindən etiraf olunur. Alternativi olmayan bu siyasi kursun davam etdirilməsi Azərbaycanın bugünkü və gələcək inkişafının yeganə etibarlı təminatıdır.

 

İnamla demək olar ki, Heydər Əliyev siyasəti müasir dövrdə uğurla davam etdirilir. Təkcə onu demək kifayətdir ki, 2005-ci ildə ölkəmizdə ümumi daxili məhsul 27 faiz, sənaye potensialı 33 faiz, ölkə iqtisadiyyatına xarici sərmayə qoyuluşu 12,7 faiz, əhalinin pul gəlirləri 17 faiz, əməkhaqqı 22 faiz artmışdır. Həm sərmayələrin adambaşına düşən həcminə görə, həm də iqtisadi artım tempinə görə ölkəmiz ötən il dünyada birinci yerə çıxmışdır.

 

Heydər Əliyev irsinin öyrənilməsi, onun ideyalarının geniş təbliğ olunaraq gündəlik həyatımızda tətbiq olunması və gələcək nəsillərə çatdırılması üçün araşdırmalar aparılması qarşıda duran vacib vəzifələrdən biridir. Fond bu vəzifənin yerinə yetirilməsi istiqamətində işlər aparır və gələcəkdə də aparacaqdır, bütün həyatını Azərbaycanın inkişafına həsr etmiş bu dahi şəxsiyyətin zəngin məktəbindən daha məqsədyönlü faydalanmaq üçün müxtəlif layihələrin gerçəkləşdirilməsi yolunda aparılan işlərə öz dəstəyini verəcəkdir.

 

Təqdim olunan kitabda xarici ölkələrin Heydər Əliyev Fondunda olmuş dövlət xadimlərinin, görkəmli şəxsiyyətlərin təəssüratları və rəyləri də əksini tapmışdır. Həmin rəy və fikirlərdə Heydər Əliyev şəxsiyyətinə və onun fəaliyyətinə verilən yüksək qiymət hər bir azərbaycanlının qəlbini iftixar hissi ilə doldurur.

 

Heydər Əliyev Fondu ictimai təşkilatdır. Eyni zamanda, onu da qeyd etmək lazımdır ki, fond qarşıya qoyduğu məqsəd və vəzifələrin əhəmiyyətinə və miqyasına görə ölkəmizdə analoqu olmayan yeni tipli qurumdur. İnanıram ki, qurum geniş ictimaiyyətlə əlaqələri möhkəmləndirməklə, Heydər Əliyev ideyalarının həyata keçirilməsinə yardımçı olmaq məqsədi daşıyan fəaliyyətini daha da təkmilləşdirmək və Azərbaycanın hərtərəfli inkişafı, ölkəmizdə vətəndaş cəmiyyətinin bərqərar edilməsi işinə köməyini ilbəil artıracaqdır. Xalqımızın dahi oğlunun adını daşıyan fondun əməkdaşları tərəfindən hazırlanıb təqdim edilən bu kitab qurumun fəaliyyətə başlamasının 2 illiyinə həsr olunur. Bu nəşrdə qarşıya qoyduğumuz məqsəd və vəzifələrdən, indiyədək görülmüş işlərdən yığcam şəkildə bəhs edilir. Əminəm ki, gələcək illərdə fondun fəaliyyəti daha geniş vüsət alacaq və biz fəaliyyətimizlə bağlı oxuculara yeni-yeni nəşrlər təqdim edəcəyik.

 

Azərbaycan xalqının böyük xilaskarı Heydər Əliyevin işıqlı xatirəsini bir daha sonsuz ehtiram hissi ilə anaraq, Ulu Tanrıdan ona rəhmət diləyir, müqəddəs ruhu qarşısında baş əyir, bütün ömrünü xalqımızın işıqlı gələcəyinə həsr etmiş dahi şəxsiyyətin ideyalarının həyata keçirilməsi kimi şərəfli işdə hamını Heydər Əliyev Fondu ilə işgüzar əməkdaşlığa dəvət edirəm".

 

Ulu öndərin xatirəsinə yüksək məhəbbət və ehtiramın ifadəsi olan bu fikirlərdə həm də fondun fəaliyyətinin əsas istiqamətləri səciyyələndirilir.

 

Ötən iki ildə fondun qazandığı böyük nüfuz "XATİRƏ KİTABINDAN SƏHİFƏLƏR"də öz əksini tapır.

 

2004-cü il mayın 10-dan fəaliyyətə başlayan Heydər Əliyev Fondu ölkəmizə səfərə gələn xarici qonaqların ən çox üz tutduğu, ziyarət etmək arzusunda olduğu məkana çevrilmişdir. Fondun muzeyində toplanıb nümayiş etdirilən eksponatlar buraya qədəm qoyan hər kəsdə ulu öndərin zəngin ömür yolu, Vətənə, xalqımızın işıqlı gələcəyinə həsr edilmiş mənalı həyatı, 35 illik bir dövrü əhatə edən siyasi fəaliyyəti barədə dolğun əyani təsəvvür yaradır.

 

Fondun ziyarətçiləri arasında müxtəlif ölkələrin dövlət və hökumət başçıları, tanınmış siyasətçilər, elm, incəsənət, mədəniyyət, din xadimləri, nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri vardır. Onlar fonddan aldıqları təəssürat barədə Xatirə kitabına ürək sözlərini yazır, dünya şöhrətli siyasətçi, dövlət xadimi, fenomen şəxsiyyət haqqında öz fikir və düşüncələrini ifadə edirlər. Ölkəmizin yaradıcılıq təşkilatlarının, təhsil, elm, mədəniyyət, incəsənət müəssisələrinin nümayəndələri tez-tez fonda gəlir, sərgi və eksponatlara baxır, ulu öndərin xatirəsinə öz böyük hörmət və ehtiramlarını ifadə edirlər. Bu ənənə xüsusilə ümummilli liderin xatirə günlərində daha geniş miqyas alır.

 

Xatirə kitabını vərəqləyərkən, buradakı ürək sözlərini oxuyarkən bir azərbaycanlı, vətəndaş kimi sonsuz qürur hissləri keçiririk. Xalqımızın yetirdiyi böyük insan, dahi siyasətçi, görkəmli dövlət xadiminin bütün dünyada belə böyük nüfuz və hörmət sahibi olmasından fəxarət duyuruq, onun şəxsiyyətinə göstərilən dərin ehtiramın səmimiyyətinə heyran qalırıq. Bu yazılarda fondun fəaliyyətinə verilən yüksək qiymət onun qarşıya qoyduğu vəzifə və məqsədlərin ülviliyini bir daha qabarıq göstərir.

 

Xatirə kitabı ulu öndərimizin siyasi varisi, ən layiqli yetirməsi, onun ideallarının fiziki və mənəvi daşıyıcısı olan Azərbaycan Prezidenti İlham Əliyevin yazdığı bu dəyərli sözlərlə açılır: "Bu gün Azərbaycanın ümummilli lideri Heydər Əliyevin doğum günüdür. Bu bayram günündə onun adını daşıyan fondun təqdimat mərasimi keçirilmişdir.

 

Heydər Əliyev Fondu xalqımızın ümummilli lideri, müasir Azərbaycanın qurucusu Heydər Əliyevin siyasi irsini öyrənəcək, təhlil, tədqiq və təbliğ edəcəkdir. Heydər Əliyev Fondu ictimai təşkilatdır və Azərbaycanın ictimai həyatında mühüm rol oynayacaqdır.

 

Heydər Əliyevin ideyaları, fikirləri yaşayır. Heydər Əliyev siyasəti, fəlsəfəsi, ideologiyası yaşayır və bundan sonra da əbədi yaşayacaqdır. Heydər Əliyevin əsəri olan müasir Azərbaycan onun yolu ilə irəli, yeni qələbələrə doğru inamla gedəcəkdir".

 

Kitabda dünyanın nüfuzlu ictimai-siyasi, dövlət, elm, mədəniyyət xadimlərinin ürək sözlərindən nümunələr və onların fotoşəkilləri verilmişdir.

 

Kitabın növbəti bölümü "TƏHSİL SAHƏSİ" adlanır. Burada vurğulanır ki, iqtisadi inkişaf yolunu tutan, yeniləşən Azərbaycan cəmiyyətində bərabər təhsil imkanlarının yaradılması, gənc nəslin biliklərə yiyələnməsi, ölkəmizin dünya təhsil sisteminə inteqrasiyasına dəstək verilməsi Heydər Əliyev Fondunun fəaliyyətinin öncül sahələrindən biridir. 2005-ci ildə bu sahədə həyata keçirilən bir neçə proqram və layihələr təhsilin səviyyəsini yüksəltməyə, valideyn himayəsindən məhrum olmuş uşaq və yeniyetmələrin həyat şəraitini yaxşılaşdırmağa imkan vermişdir.

 

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 2005-ci ilin əvvəlində Bakıda və əksər rayonlardakı uşaq evləri və internat məktəblərində olduqdan sonra "Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı"nın hazırlanıb həyata keçirilməsini məqsədəuyğun hesab etmişdir. Ölkədəki uşaq evləri və internat məktəblərində mövcud problemlərin həllinə yönələn bu proqram ötən il Heydər Əliyev Fondunun başlıca fəaliyyət istiqamətlərindən birinə çevrilmişdir.

 

Proqramın ilkin mərhələsində aparılan monitorinqdən sonra uşaq müəssisəsində təhsil və sosial sahədə problemlərin həllinə yönələn dörd əsas istiqamət: texniki dəstək, təhsil, səhiyyə və ictimai fəallıq prioritet kimi müəyyənləşdirilmişdir. Fond belə müəssisələrin böyük əksəriyyətinin məhz təmirə, yenidənqurmaya və texniki təchizata daha çox ehtiyacı olduğunu nəzərə aldığından, ilk növbədə, texniki dəstək istiqaməti üzrə işlərə başlanmışdır.

 

2005-ci ildə bu kateqoriyadan olan 23 uşaq müəssisəsində yenidənqurma və tikinti-təmir işləri aparılmışdır. Bu zaman onların zəruri avadanlıqla təmin edilməsi, yeni ədəbiyyatla zəngin kitabxanaların yaradılması, informasiya texnologiyalarının tətbiqi, sinif otaqlarının interaktiv təhsil üçün uyğunlaşdırılması da diqqət mərkəzində olmuşdur.

 

Layihənin həyata keçirilməsi gedişində Bakı şəhərinin Nəsimi rayonundakı 268 nömrəli xüsusi yardımçı məktəb, 1 nömrəli körpələr evi, Nərimanov rayonundakı psixo-nevroloji uşaq evi, Şamaxı internat məktəbi, Nizami rayonundakı 1 nömrəli uşaq evi, əqli və fiziki cəhətdən qüsurlu uşaqlar üçün 3 nömrəli xüsusi təhsil məktəbi, Əzizbəyov rayonundakı 2 nömrəli yetim və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün internat məktəbi, Şüvəlan qəsəbəsindəki yetim və valideyn himayəsindən məhrum uşaqlar üçün respublika yardımçı internat məktəbi, beyin iflici və poliomielit keçirmiş uşaqlar üçün 16 nömrəli internat məktəbi, Türkan qəsəbəsindəki nitqi qüsurlu uşaqlar üçün respublika xüsusi internat məktəbi və bir sıra digər uşaq müəssisələri yenidən qurulmuşdur. Onlarda sanitar-gigiyenik normalara cavab verən müasir tipli yeməkxanalar, yataq otaqları, həkim və psixoloq otaqları, idman meydançaları və salonları yaradılmışdır.

 

Proqram çərçivəsində asudə vaxtın və istirahətin səmərəli təşkili məqsədi ilə yay istirahət düşərgələrinin yaradılması istiqamətində də işlər görülür. Nizami rayonundakı 1 nömrəli uşaq evi üçün Şüvəlan qəsəbəsində yay düşərgəsinin yaradılması layihəsi reallaşmaq üzrədir. Uşaq müəssisələrində qida normativlərinin aşağı olması da müəyyənləşdirilmiş, təkliflər paketi hazırlanaraq müvafiq dövlət qurumlarına təqdim olunmuşdur.

 

Fondun ötən ildən həyata keçirməyə başladığı və artıq birinci mərhələsi başa çatan "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı təhsilin səviyyəsinə birbaşa təsir edən problemlərin həllinə - tədris prosesinin günün tələbləri səviyyəsində qurulmasına imkan verən müasir məktəb binalarının inşasına istiqamətlənmişdir.

 

Bu sahədə real vəziyyəti qiymətləndirmək üçün fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ötən il respublikada məktəb binalarının vəziyyəti yoxlanılmışdır. Nəticədə Azərbaycanın ən müxtəlif bölgələrində tam yararsız hesab olunan 132 məktəb müəyyənləşdirilmiş, mütəxəssislərin rəyinə görə, onların yenidən inşası problemin ən optimal həlli kimi qiymətləndirilmişdir.

 

İctimai dəstəyi vacib hesab edən Heydər Əliyev Fondu cəmiyyətin ən müxtəlif təbəqələrinin diqqətini bu məsələyə yönəltmək məqsədi ilə 2005-ci ilin iyun ayında müvafiq qurumların, habelə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatların iştirakı ilə "dəyirmi masa" keçirmişdir. Proqramın həyata keçirilməsi məqsədi ilə hazırlanmış 100, 200 və 240 şagird yerlik məktəb layihələri "dəyirmi masa" iştirakçılarına təqdim olunmuşdur.

 

Layihənin həyata keçirilməsi ilə bağlı Fondun prezidentinin cəmiyyətə ünvanladığı əməkdaşlıq çağırışı geniş əks-səda doğurmuşdur. Az sonra Azərbaycanın müxtəlif bölgələrində - dağ kəndlərində, ən ucqar yaşayış məntəqələrində məktəb tikintisi geniş vüsət almışdır.

 

"Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində tikilən və infrastrukturu yerli tələbata və imkana uyğunlaşdırılan bu məktəblər müasir avadanlıq, istilik sistemi, zəngin kitabxanalar, əyani vəsait və kompüter avadanlığı ilə təchiz olunmuşdur. Beləliklə, ölkənin ən müxtəlif bölgələrində minlərlə şagird 2005/2006-cı tədris ilini müasir tələblərə cavab verən yeni məktəblərdə qarşılamışdır.

 

Kitabda bu məktəblərin ünvanı, neçənci ildən fəaliyyət göstərməsi, əvvəl yerləşdiyi bina haqqında məlumat, şagirdlərin sayı haqqında məlumat verilmişdir.

 

Xüsusilə sevindiricidir ki, fond bu çox dəyərli missiyanı cari ildə də davam etdirir. 2006-cı ildə respublikamızda həmin proqramın 2-ci mərhələsinin həyata keçirilməsinə başlanmışdır. Fondun təşəbbüsü ilə daha 100 məktəb inşa edilir.

 

Respublikamızda kor və ya görmə qabiliyyəti zəif olan şəxslərin sayı təxminən 40 min nəfərdir. Heydər Əliyev Fondu onlara əlavə imkanlar yaratmaq mexanizmi kimi informasiya-kommunikasiya texnologiyalarından (İKT) istifadəni zəruri sayır. Bu məqsədlə "Kor və görmə qabiliyyəti zəif olan insanlar üçün informasiya kommunikasiya texnologiyalarına çıxışın təmin edilməsinə dair" layihə hazırlanmışdır. Üç mərhələdən ibarət layihə BMT-nin İnkişaf Proqramı ilə birgə həyata keçiriləcəkdir. Birinci mərhələdə məqsəd kor və görmə qabiliyyəti zəif olan insanların KT ehtiyaclarını müəyyənləşdirmək, onlar üçün Rəqəmsal fərqin aradan qaldırılması üzrə milli strategiya hazırlamaqdır.

 

İkinci mərhələdə kor və görmə qabiliyyəti zəif olan uşaqlar üçün internat məktəblərində Model İKT sinfinin yaradılması istiqamətində iş aparılacaqdır. Xüsusi kompüter avadanlığının alınıb quraşdırılması, proqram təminatının lokallaşdırılması, internetə çıxışın təmin olunması və tədris-təlim proqramlarının hazırlanması bu mərhələdə başlıca işdir. Kor və görmə qabiliyyəti zəif olan uşaqlar üçün kitabxana və təlim mərkəzinin yaradılması isə layihənin üçüncü mərhələsini əhatə edir. Bu müddətdə audio-kitabxana və bütün növ ədəbiyyatı audio formata çevirmək üçün səsyazma studiyasının yaradılması, bu studiya və nəşriyyatın yardımı ilə mövcud kitabxanalarda Brayl şriftli və audio kitabların bərpası, internetə çıxış, İT-əsaslı təlim kursları, xidmətləri təmin edən kompyuter mərkəzinin yaradılması və təlim kurslarında dərs deyəcək müəllim və təlimatçıların hazırlanması həyata keçiriləcək.

 

Kitabın "SƏHİYYƏ SAHƏSİ" bölümündə vurğulanır ki, əhalinin sağlamlığının təmin olunması, tibb, səhiyyə sahəsində problemlərə diqqət 2005-ci ildə Heydər Əliyev Fondunun fəaliyyətində xüsusi yer tutmuşdur. Bu sahədə ilk tədbirlərdən biri "Diabetli uşaqlara ən yüksək qayğı" layihəsidir.

 

2004-cü il dekabrın 4-də fondda "Diabetli uşaqlara ən yüksək qayğı" layihəsinin təqdimatından sonra Heydər Əliyev Fondu, Azərbaycan Diabet Cəmiyyəti və Danimarkanın yüksək keyfiyyətli insulin istehsalı sahəsində dünyada lider olan Novo Nordisk şirkəti ilə birgə layihənin icrasına başlandı. Layihənin əsas məqsədi ictimaiyyətin, yerli və xarici şirkətlərin diqqətini ölkəmizdəki diabetli uşaqların problemlərinə yönəltməyə, bunların həllinə kömək etməyə və Beynəlxalq Diabet Federasiyasının bu sahədə iştirakını fəallaşdırmağa xidmət edir.

 

Azərbaycanda bu xəstəliyə tutulmuş 14 yaşınadək 310 nəfər uşağın insulinlə təminatında əvvəllər böyük çətinlik vardı. Layihə çərçivəsində həmin uşaqlara yarımillik insulin preparatları və şpris-qələmlər verilmişdir. 2005-ci ilin may ayında Heydər Əliyev Fondu tərəfindən növbəti yarım il üçün insulin preparatları və şpris-qələmlər paylanılmışdır və bu iş indi də davam edir.

 

Səhiyyə sahəsində fondun həyata keçirdiyi digər layihə isə ölkədə talassemiyanın qarşısının alınmasına yönəlmişdir. Respublikanın bəzi rayonlarında bu xəstəlik geninin yayılma tezliyi xüsusi təşviş doğurduğundan, Heydər Əliyev Fondu bu sahəyə diqqət yetirməyi zəruri hesab edir.

 

Fondun təşəbbüsü ilə ölkəmizdə talassemiyalı xəstələrin sayı, vəziyyəti, müalicə imkanları ilə bağlı müvafiq informasiya toplandıqdan sonra 2005-ci ilin fevral ayında "Talassemiyasız həyat naminə" mövzusunda keçirilən "dəyirmi masa"da ictimaiyyət nümayəndələri, beynəlxalq təşkilatlar, o cümlədən Beynəlxalq Talassemiya Federasiyası ilə birgə əməkdaşlıq imkanları müzakirə olunmuşdur. Geniş diskussiyadan sonra fondun "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində müasir avadanlıqla təchiz olunmuş Talassemiya Diaqnostika Mərkəzinin yaradılması qərara alınmışdır. Artıq müvafiq yer ayrılmış və onun tikilməsi istiqamətində işlər görülür. Proqramın daha səmərəli şəkildə həyata keçirilməsi üçün Məsləhət Şurası yaradılmışdır.

 

Layihədə bu xəstəlikdən əziyyət çəkən uşaqların təhlükəsiz və keyfiyyətli qanla təmin olunması üçün donor xidmətinin inkişafı, əhalinin maarifləndirilməsi, prenatal diaqnostika üsulu ilə xəstəliyin proqnozlaşdırılması məsələlərinə də diqqət yetirilir. Fondun təşəbbüsü ilə talassemiya ilə mübarizədə İtaliya, Türkiyə, Yunanıstan və İsrail dövlətlərindəki təcrübə öyrənilir, bu ölkələrin müvafiq qurumları ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində işlər görülür. Artıq ötən il bir neçə ölkənin talassemiya sahəsində tanınmış mütəxəssislərinin Azərbaycana səfərləri təşkil edilmiş və müzakirələr aparılmışdır. Bu əməkdaşlıq çərçivəsində Azərbaycanda yüksək ixtisaslı kadrların hazırlanması üçün başqa ölkələrlə mütəxəssis mübadiləsinin təşkili də nəzərdə tutulur.

 

2005-ci ildə Heydər Əliyev Fonduna səhiyyə məsələləri ilə bağlı 3014 məktub daxil olmuş, bütün məktublar müvafiq tibb müəssisələrinə göndərilmişdir. Daxil olan çoxsaylı xahişləri nəzərə alaraq, müxtəlif xəstəliklərə düçar olmuş insanlara kömək göstərilməsi üçün fond tərəfindən bir sıra tədbirlər həyata keçirilmişdir. Yardım göstərilənlərin çoxu ürək xəstəliklərindən əziyyət çəkən azyaşlı uşaqlardır. Fond müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların bir qisminin mütəmadi olaraq zəruri tibbi müayinə üçün müxtəlif ölkələrə göndərilməsinə də kömək edir. 2005-ci ildə Metropolitenin "Bakı Soveti" stansiyasında baş vermiş qəza nəticəsində xəsarət almış insanların müalicə olunmasını Heydər Əliyev Fondu öz üzərinə götürmüş, xəsarət alanlara maddi yardım göstərmişdir.

 

Ötən il Bakı Baş Səhiyyə İdarəsinin Nərimanov rayonundakı psixo-nevroloji uşaq evi Heydər Əliyev Fondunun vəsaiti hesabına əsaslı təmir olunmuş, aktiv terapiya, masaj, müayinə avadanlığı və lazımi trenajorlarla təchiz edilmişdir. 100 çarpayılıq uşaq evində ötən il 87 uşaq müalicə olunmuşdur. Uşaq evinin həyəti abadlaşdırılmış, yaşıllıq salınmış, uşaqların əylənməsi üçün şərait yaradılmışdır. 18 nömrəli Təcili Yardım Stansiyasının Türkan qəsəbəsindəki bölməsinin yenidən qurulması işi də Heydər Əliyev Fondu tərəfindən həyata keçirilmişdir.

 

Tibb sahəsində əməkdaşlığa xüsusi önəm verən fond Gürcüstanın Hematologiya və Transfuziologiya İnstitutunun müraciəti ilə bağlı ötən il bu instituta 50 flakon "Desferal" preparatı hədiyyə etmişdir. Ötən il İsmayıllı rayonunun İvanovka kəndində yeni səhiyyə ocağının yaradılması istiqamətində də bir sıra işlər görülmüşdür.

 

Heydər Əliyev Fondunun çoxsaylı məqsədlərindən biri də milli-mənəvi dəyərlərimizin qorunması və Azərbaycan mədəniyyətinin dünyada geniş təbliği ilə bağlıdır. Hesabat ilində Azərbaycan Mədəniyyətinin Dostları Fondu ilə birgə bir neçə uğurlu layihə həyata keçirilmişdir.

 

2005-ci ildə Azərbaycan milli musiqisinin incilərindən olan muğamın inkişafı və təbliği ilə bağlı ciddi addımlar atılmışdır. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə görkəmli muğam ustaları dəvət olunmaqla "dəyirmi masa" keçirilmiş və Bakı şəhərində Beynəlxalq Muğam Mərkəzinin yaradılması qərara alınmışdır. Muğam ustaları ilə mütəmadi görüşlərdən, məsləhətləşmələrdən sonra Beynəlxalq Muğam Mərkəzinin layihəsi tərtib edilmiş və fondda onun təqdimatı keçirilmişdir. Onun üçün münasib yer seçilmiş, Azərbaycan Prezidenti İlham Əliyevin və YUNESKO-nun Baş direktoru cənab Koişiro Matsuuranın iştirakı ilə binanın təməli qoyulmuşdur.

 

Azərbaycan muğam sənətinin inkişafı və qorunması istiqamətində atılan növbəti addım "Qarabağ xanəndələri" musiqi albomunun nəfis şəkildə nəşr olunması və "Gülüstan" sarayında onun təqdimat mərasiminin keçirilməsidir.

 

Tanınmış ifaçıların iştirakı ilə ardıcıl olaraq muğam axşamlarının təşkili də sənətsevərlər, milli musiqi həvəskarları tərəfindən dərin razılıq hissi ilə qarşılanır, bu ənənə yüksək dəyərləndirilir. 2005-ci ildə Heydər Əliyev Fondunun köməyi ilə Azərbaycanın görkəmli yazıçı və pedaqoqu Abdulla Şaiqin ev-muzeyində təmir-bərpa işləri aparılmış və əsaslı təmirdən sonra muzey yenidən fəaliyyətini davam etdirmişdir.

 

Bakının Əzizbəyov rayonundakı Mərdəkan qəsəbəsində kütləvi kitabxanada yenidənqurma işləri aparılmış, Pir Həsən ziyarətgahının yenidən qurulması ilə bağlı işlər isə başa çatmaqdadır.

 

Gəncə şəhərində VII əsrdə yaşamış, öz xeyirxahlığı ilə el arasında böyük hörmət qazanmış Comərd Həsənin məzarı və məzarüstü türbəsi bərpa olunmuşdur.

 

Heydər Əliyev Fondunun dəstəyi və köməyi hesabına Gəncənin sonuncu xanı Cavad xanın qəbri üzərində türbə ucaldılmış, Həzrəti Zeynəb məscidində isə yenidənqurma işləri aparılmışdır.

 

2005-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə dahi bəstəkarımız Üzeyir Hacıbəyovun 120 illik yubileyi və Parisdə, YUNESKO çərçivəsində görkəmli kimyaçı-alim, akademik Yusif Məmmədəliyevin 100 illiyi qeyd olunmuş, dünya şöhrətli ifaçılar - xalqımızın böyük dostu Mstislav Rostropoviç və xanımı Qalina Vişnevskayanın 50 illik birgə fəaliyyətinə həsr edilmiş albom və disklər hazırlanmışdır.

 

Heydər Əliyev Fondunun ümdə məqsədlərindən biri ulu öndərimizin zəngin irsinin, Vətən qarşısında misilsiz xidmətlərinin, milli dövlətçilik ideyalarının dərindən öyrənilməsi, təbliği, yeni nəsillərə çatdırılmasıdır. Bu məqsədlə 2005-ci ildə fondda Heydər Əliyevə həsr edilmiş ekspozisiya yeni eksponatlarla zənginləşdirilmiş, fonda daxil olmuş 200-dən artıq müxtəlif çeşidli hədiyyə, 600-dən artıq kitab, 200-dən artıq jurnal və qəzet, çoxsaylı fotolar, disk və kasetlər elmi əsaslar üzrə işlənmişdir. Belə bir davamlı iş gələcəkdə Heydər Əliyev Fondunda ulu öndərin fəaliyyətinin bütün istiqamətlərini əks etdirən materialların toplanıb mərkəzləşdirilməsinə imkan verəcəkdir.

 

Ötən il fondun ekspozisiyası ilə 1000-ə yaxın qonaq tanış olmuşdur. Fondu ziyarət edən dövlət və hökumət başçıları, görkəmli siyasətçilər, mədəniyyət, incəsənət, din xadimləri Heydər Əliyev haqqında, fondun fəaliyyəti barədə öz təəssüratlarını, ürək sözlərini bölüşmüşlər. 2005-ci ildə Bakıda, respublikanın digər şəhər və rayonlarında ulu öndər Heydər Əliyevə həsr olunmuş muzey və guşələrin yaradılması işində də fond elmi-metodik yardım göstərmişdir. 2005-ci il dekabr ayının 10-da isə Azərbaycan İqtisad Universitetində Heydər Əliyev Fondu ilə birlikdə "Heydər Əliyev irsinin öyrənilməsi mərkəzi" açılmışdır.

 

Təhsilin inkişafı, əhalinin maarifləndirilməsi, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, türkçülük, azərbaycançılıq məfkurəsinin təbliğ edilməsi istiqamətində Heydər Əliyev Fondu lazımi nəşrlərin çap etdirilməsini zəruri sayır. Bu barədə kitabın "YENİ NƏŞRLƏR" bölməsində məlumat verilir. Ərazi bütövlüyünə qəsd olunan və bir milyon qaçqın-köçkünü olan ölkə barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına ilk dəfə ulu öndərimiz Heydər Əliyevin gərgin səyi nəticəsində nail olunmuşdur. Onun bu vətənpərvər və şərəfli işini Heydər Əliyev Fondu davam etdirir.

 

Ötən ilin uğurlu layihələrindən hesab edilən "Qarabağ həqiqətləri" silsiləsi buna bariz nümunədir. Beynəlxalq ictimaiyyətə ünvanlanan, ingilis dilində nəşr edilən, xaricdəki diplomatik nümayəndəliklərimiz, diaspor təşkilatlarımız və digər kanallarla bütün dünyaya yayılmış "Qarabağ həqiqətləri" toplusu, "Qarabağın tarixi haqqında məlumat","Qarabağ münaqişəsinin başlanması", "Xocalı soyqırımı", "Azərbaycana qarşı erməni təcavüzünün nəticələri", "Erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti" kitabçalarından ibarətdir.

 

Bu silsilənin fransız, alman, ərəb və rus dillərində nəşri də nəzərdə tutulur. Qarabağın daha qədim tarixini əks etdirəcək ikinci toplunun hazırlanmasına da başlanmışdır. Burada Qafqaz Albaniyasından başlayaraq, Azərbaycan SSR-dək dövrdə Qarabağın tarixi öz əksini tapacaqdır.

 

Azərbaycan, o cümlədən Qarabağ həqiqətlərinin yayılması sahəsində növbəti addım Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun mütəxəssisləri ilə birgə "Pirlər və müharibə" kitabının hazırlanmasıdır. Tezliklə nəşr ediləcək kitabda Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində - Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Füzuli və digər rayonlarda düşmən tapdağı altında qalan ziyarətgahlar, dağıdılmış tarixi memarlıq abidələri, pirlər haqqında ətraflı məlumatlar verilir.

 

Ötən ildən başlayaraq Heydər Əliyev Fondu Azərbaycan oxucusu üçün əhəmiyyətli sayıla biləcək bir sıra xarici nəşrlərin dilimizə tərcümə edilərək çap olunması üzərində iş aparır. Türkçülük, azərbaycançılıq məfkurəsinin təbliği sahəsində dəyərli nəşrlərdən biri olan Murad Adcinın "Türklər və dünya: munis tariximiz" adlı kitabı dilimizə çevrilib nəşr edilmişdir. Amerika Birləşmiş Ştatlarının Mərkəzi Asiya - Qafqaz İnstitutu İpək Yolu Araşdırmalar Proqramı çərçivəsində S.Frederik Starr və Svant E. Kornellin "Bakı - Tbilisi - Ceyhan boru kəməri: qərbə açılan neft pəncərəsi" kitabının Azərbaycan dilinə tərcüməsi və redaktə işləri artıq başa çatmışdır. Bu kitabda Heydər Əliyev adına Bakı - Tbilisi - Ceyhan neft boru kəmərinin Azərbaycan Respublikası üçün iqtisadi, geostrateji əhəmiyyətindən, habelə kəmərin ətraf mühit və sosial məsələlərlə bağlı aspektlərindən bəhs olunur.

 

Fondun birgə layihələr çərçivəsində Azərbaycan dilində çap etdirdiyi xarici nəşrlərdən biri də Linda Li Rattonun "Yuxuların çin olduğu yerdə" kitabıdır. Onun nəşrindən məqsəd fiziki cəhətdən qüsurlu uşaqların cəmiyyətdə bərabərhüquqlu üzv kimi qəbul edilməsinə kömək etməkdir.

 

2005-ci ildə Heydər Əliyev Fondu orduda xidmət edən gənclərimizin hərbi hazırlığına və bu sahədə maarifləndirilməsinə töhfə olaraq "Hərbçinin qeyd-yaddaş kitabçası" və "Hərbi and" qəzetinin çap etdirilməsini də həyata keçirmişdir.

 

Ötən il fondun birillik fəaliyyətini əks etdirən nəfis tərtibatlı kitab da nəşr edilmişdir. Burada fondun fəaliyyətə başladığı ilk bir il ərzində həyata keçirilən layihələrdən ətraflı bəhs olunur. Heydər Əliyev Fondunun nəşr etdirdiyi 2005-ci il təqvimində dahi şəxsiyyətin ayrı-ayrı tarixi günlər, bayramlar haqqında dəyərli sözləri, müdrik kəlamları, ibrətamiz fikirləri verilmiş, nəfis tərtibatlı bu nəşr təmənnasız olaraq dövlət qurumlarına və ictimai təşkilatlara, təhsil, səhiyyə, mədəniyyət obyektlərinə paylanmışdır.

 

Heydər Əliyev Fondu informasiya-kommunikasiya texnologiyaları ilə bağlı layihələrin həyata keçirilməsinə xüsusi əhəmiyyət verir. Bu barədə "Elm və texnologiya" bölməsində bəhs olunur.

 

2005-ci ildə ümummilli liderimiz Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş, məlumatın həcmi və geniş əhatə dairəsi ilə fərqlənən "heydar-aliyev.org" adlı domen internet portalı yaradılmışdır. Portalda ulu öndərimizin Azərbaycana rəhbərlik etdiyi dövrdəki nitqləri, kütləvi informasiya vasitələrinə verdiyi müsahibələri öz əksini tapmışdır. Azərbaycan, ingilis və rus dillərində təqdim olunan bu portal işçi qrupu tərəfindən mütəmadi olaraq yeniləşdirilir.

 

Növbəti layihə "heydar-aliyev-foundation.org" domeni olan, yüksək zövqlə tərtib edilmiş Heydər Əliyev fondunun internet səhifəsinin yaradılmasıdır. Zəngin internet səhifəsində fondun yaranma tarixi, fəaliyyəti, beynəlxalq əməkdaşlıq əlaqələri haqqında geniş materiallar yerləşdirilmişdir. Burada fondun mükafatları, fəxri qonaqlar, kitabxana, videoqalereya, fotoalbom bölmələri də maraqla oxunur.

 

Ötən il fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə respublikanın internet məkanında məlumat bazasının zənginliyinə görə analoqu olmayan "Azərbaycan" portalı yaradıldı. İdeyanı həyata keçirmək məqsədi ilə təşkil edilən yüksək ixtisaslı mütəxəssislərdən ibarət işçi qrupu ilkin mərhələdə müvafiq təşkilatların dəstəyi ilə geniş məlumat bazası yaratdı. Qısa müddət ərzində əldə edilən zəruri məlumatlar portalın müvafiq bölmələrində yerləşdirildi.

 

Dünyanın 100-dən artıq ölkəsində 1 milyarddan çox istifadəçinin qoşula bildiyi internet məkanında yer alan portalda məlumatlar üç dildə təqdim olunur. Portalın ünvanına müxtəlif ölkələrdən gələn minnətdarlıq məktubları sübut edir ki, belə yanaşma istifadəçilərin coğrafiyasının geniş olmasına imkan yaradır. Yaxın gələcəkdə portalın fransız və alman versiyaları üzərində işə başlanacaqdır.

 

Portal 12 bölmədən ibarətdir: "Xəbərlər", "Ümumi məluma", "Təbiət", "Tarix", "İqtisadiyya", "Mədəniyyət", "Cəmiyyət", "Dövlət hakimiyyəti", "Azərbaycan beynəlxalq aləmdə", "Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi", "İnzibati ərazi vahidləri" və "Xəritələr". Hər bir bölmə bir neçə hissədən ibarətdir və burada toplanmış konkret məlumatlar bütövlükdə Azərbaycanla bağlı istənilən mövzuda informasiya əldə etməyə imkan verir. Respublikamızın hər bir rayonu haqqında verilən ətraflı məlumat xarici iş adamlarının bölgələrə marağının artması və ölkəmizdə turizmin inkişafı baxımından faydalı informasiya yükü daşıyır.

 

Ermənilərin güclü təbliğat maşınının yaydığı yalanları ifşa etmək, əsl həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırmaq üçün "Azərbaycan" portalında yaradılan bölmədə Qarabağın tarixi, Dağlıq Qarabağ problemi və erməni məsələsi, Azərbaycana qarşı erməni təcavüzü, Xocalı soyqırımı, humanitar fəlakət, erməni terrorizmi, Azərbaycan ərazilərinin işğalının ağır nəticələri haqqında məlumat toplanmış, tarixi sənədlər verilmişdir.

 

"Xəbərlər" bölməsinin təqvim arxivi yaradılmışdır ki, onun da köməyi ilə günün istənilən məlumatı ilə tanış olmaq mümkündür. İstifadəçilərin işçi qrupuna göndərdiyi irad və təkliflər diqqətlə araşdırılır. Portalın müxtəlif brauzerlərə adaptasiyası həyata keçirilmişdir.

 

Hazırda portalda "Qonaq kitabı" və respublikamızın həyatındakı aktual məsələləri müzakirə etmək üçün "Səsvermə" və "Forum" sistemləri yaradılır. Portal haqqında istifadəçilərin fikirləri "Rəylər" bölməsində yerləşdirilmişdir.

 

Təqdimat mərasimi 2005-ci ildə keçirilən "Azərbaycan" internet portalı "Azərbaycan elektron kontent - 2005 mükafatı" milli müsabiqəsində E-cəlbetmə nominasiyası üzrə qalib gəlmişdir.

 

Heç şübhəsiz ki, Heydər Əliyev Fondunun birillik fəaliyyətinə həsr edilən bu kitab qurumun öhdəsinə götürdüyü missiyaya sadiqliyini, Heydər Əliyev ideyalarına sədaqətini, Azərbaycan Prezidenti İlham Əliyevin Vətən, xalq naminə apardığı məqsədyönlü siyasətə dəstək vermək istəyinin bir daha əməli təzahürü olmaqla yanaşı, həm də fondun cəmiyyətdə və ölkəmizdən xaricdə getdikcə artan nüfuzunun ifadəsidir. Son iki ildə görülmüş bütün bu işlər, qazanılmış uğurlar, cari ilin əvvəlindən fəallığın daha da artması, ilk növbədə, fondun prezidenti,

 

YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xeyirxahlıq, humanizm, vətənsevərlik hisslərinə, milli düşüncəyə söykənən fəaliyyətinin, dünyanın tanınmış bir çox ictimai və mədəniyyət xadimləri tərəfindən də yüksək dəyərləndirilən intellektinin, təşəbbüskarlığının, nüfuzunun, təşkilatçılıq, idarəetmə bacarığının bəhrəsidir.