Təqdimat mərasimində Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyinin kollektivi, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyəti, Rumıniya-Azərbaycan Ticarət və Sənaye Palatası, ARDNŞ-nin Rumıniyadakı nümayəndəliyinin əməkdaşları, Rumıniyanın ictimai təşkilat və fondlarının üzvləri, tanınmış din, ədəbiyyat, tarix və incəsənət xadimləri, KİV nümayəndələri, Rumıniyada akkreditə olunmuş xarici ölkələrin diplomatları, türk və tatar icmalarının təmsilçiləri, Rumıniyada təhsil alan tələbələrimiz və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi iştirak etmişdir.
Heydər Əliyev Fondunun Rumıniyadakı nümayəndəliyinin rəhbəri İ.Hacıyev mərasimi giriş sözü ilə açaraq, kitabın əhəmiyyətinə toxunmuş, əsərdə İrəvan xanlığının sosial-iqtisadi həyatı, sərhədləri və inzibati bölgüsü, daxili idarəçilik sisteminin təkzibedilməz dəlillərlə işıqlandırıldığını, bu Azərbaycan dövlətinin XIX əsrin əvvəllərində yadelli işğalçılara qarşı qəhrəmancasına mübarizəsi, Rusiya imperiyasına qarşı göstərdiyi ciddi müqavimət, xüsusilə də işğal olunmuş İrəvan xanlığının ərazisinə ermənilərin İrandan və Osmanlı imperiyasından kütləvi şəkildə köçürülməsi barədə sənədlərə əsaslanan faktların geniş əksini tapdığı bildirmişdir.
Tədbirdə çıxış edən səfir E.Həsənov təqdim olunan əsərdə Əfşar imperiyasının süqutundan sonra meydana gəlmiş Azərbaycan dövlətlərinin birindən - İrəvan xanlığından bəhs olunduğunu bildirmiş, təkzibolunmaz ilkin mənbələr əsasında İrəvan xanlığı əhalisinin etnik tərkibinin əsasən azərbaycanlılardan ibarət olduğunun sübuta yetirildiyini qeyd etmişdir. Azərbaycan və rumın xalqının tarixində bir çox bənzərliklərin mövcud olmasına toxunan səfir E.Həsənov həmçinin Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə iştirakçılara ətraflı məlumat vermiş, bütün bunlarla yanaşı Azərbaycan xalqının heç kəsin torpağında gözünün olmadığını, dövlətimizin bütün ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşdığını nəzərə çatdırmışdır.
Buxarest Yazıçılar Birliyinin sədri Horia Qırbya kitabın mötəbər mənbələr əsasında tərtib edildiyini, kitab vasitəsi ilə ölkəmizin tarixi, mədəniyyəti barədə geniş məlumatların rumın oxucuları tərəfindən öz dillərində əldə etmək imkanının yarandığını qeyd etmiş, kitabda öz əksini tapmış bir çox faktlarla Azərbaycan səfəri zamanı tanışlıq imkanı əldə etdiyini vurğulamışdır. O, təqdim olunan əsərin Rumıniya ictimaiyyətinə tanış olmayan bir sahəni işıqlandırdığını, mənsub olduğu xalqın Azərbaycanın haqq işini hər zaman dəstəklədiyini bildirmişdir.
Rumıniyanın və bütövlükdə regionun nüfuzlu nəşrlərindən olan “GeoPolitica” jurnalının direktoru, “İrəvan xanlığı” kitabının çap olunduğu “Top Form” nəşriyyatının rəhbəri Vasile Simileanu Azərbaycan müəllifləri ilə uzunmüddətli əməkdaşlıq ənənəsinə malik olduqlarını, təqdimatı keçirilən əsərin kitabın Azərbaycan həqiqətlərinin akademik dairələr və geniş ictimaiyyət arasında təbliğinə xidmət edəcəyini və Cənubi Qafqaz tarixinin mənimsənilməsi baxımından tutarlı əyani vəsaitə çevriləcəyini bildirmiş, Heydər Əliyev Fondunun Rumıniyadakı nümayəndəliyi ilə bundan sonra da birgə layihələr keçirməyə hazır olduğunu vurğulamış, həmçinin Rumıniyada gerçəkləşdirilən humanitar fəaliyyətə görə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya təşəkkürünü ifadə etmişdir.
Rumıniyada iqtidarda olan Demokratik Liberal Partiyasının (PDL) Buxarest şəhəri 6-cı sektorunun şöbəsi Gənclər Təşkilatının baş katibi Andrada Dinu öz çıxışında Ermənistanın təcavüzkar siyasətinə toxunaraq, hazırkı Ermənistan ərazisinin tarixi Azərbaycan torpaqları olduğunu vurğulamışdır. A.Dinu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaxın gələcəkdə Azərbaycan ərazi bütövlüyü çərçivəsində həll olunacağına və ədalətin bərqərar olunacağına əminliyini ifadə etmişdir.
Qara dəniz - Xəzər dənizi Əməkdaşlıq və Tərəfdaşlıq üzrə Beynəlxalq Fondun Baş katibinin məsləhətçisi Feliçia Skoartsa təqdim olunan kitabın Ermənistan tərəfinin iddialarının əksinə, əzəli Azərbaycan torpaqlarının erməni işğalı altında olduğunu sübut etdiyini qeyd edərək, BMT, ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatların Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərin işğalına dair qəbul etdikləri qətnamələrin yerinə yetirilmədiyini təəssüflə qeyd etmiş, “İrəvan xanlığı” kimi əsərlərin regionun tarixinə dair alternativ məlumat qaynağı təşkil edəcəyini bildirmişdir.
Kitabın Rumıniyanın Dövlət orqanları, Nazirlikləri, Kitabxanaları, Rumıniyada akkreditə olunmuş xarici ölkələrin diplomatik missiyaları arasında yayılması təmin edilmişdir.
Mərasimdə, həmçinin Rumıniyanın digər siyasi və ictimai xadimləri də çıxış etmişlər. Ölkədə rumın, ingilis və türk dillərində çap olunan “Hayat”, “Zaman”, “Anayurt”, “Ultima ora”, “Balcanii şi Europa” və s. mətbuat orqanlarında tədbirlə bağlı xəbərlər nəşr olunmuşdur.
Mərasimdə həmçinin “Lider” Televiziyasının "Azərbaycan" redaksiyasının istehsalı olan “İrəvan və irəvanlılar” filmi nümayiş etdirilmişdir.