Gobus_Cover.jpg
15 aprel 2010

Heydər Əliyev Fondu “Qabusnamə” kitabını rus dilində nəşr edib


Heydər Əliyev Fondu Şərq ölkələrinin bir çoxunda tanınan və məşhur olan “Qabusnamə” kitabını rus dilində nəşr etmişdir.


Tərbiyə və etikanın vacib məsələlərini əhatə edən kitab yüzilliklər boyu müdrik məsləhətləri ilə aktuallığını qoruyub saxlamışdır. 1082-1083-cü illərdə Cənubi Azərbaycan ərazisində yerləşən Gilan dövlətinin padşahı Keykavus tərəfindən yazılmış “Qabusnamə” orta əsrlərdə hökmdarların, din xadimlərinin, elm adamlarının, müəllimlərin masaüstü kitabı olmuşdur. Həmin dövrdə hər bir savadlı və mədəni insanın ailəsində qorunub saxlanılan kitab gənc nəslin tərbiyəsində mühüm rol oynamış, nəsildən-nəsilə ötürülən mənəviyyat qaynağı və əxlaq dərsliyi kimi qiymətləndirilmişdir.


Rus oxucusuna təqdim olunan “Qabusnamə” Şərq və onunla qırılmaz tellərlə bağlı olan Azərbaycan mədəniyyəti, tarixi, fəlsəfəsi haqqında təsəvvür yaratmağa imkan yaradır. Rəngli illüstrasiya və nəfis tərtibatlı kitab 1000 nüsxə tirajla nəşr olunmuşdur.