9 iyun 2008

Heydər Əliyev Fondu Azərbaycan Respublikasının xalq artisti Habil Əliyevin 80 illik yubileyinə həsr olunmuş musiqi albomu nəşr edib

Heydər Əliyev Fondu Azərbaycan Respublikasının xalq artisti, böyük sənətkar, virtuoz kamançaçalan Habil Mustafa oğlu Əliyevin 80 illik yubileyinə həsr olunmuş musiqi albomu hazırlamışdır.


Alboma kitab və kamança ustadının ifasında xalq, bəstəkar mahnıları, muğamlardan və sənətkarın özünün bəstələdiyi musiqi parçalarından ibarət 4 ədəd kompakt disk daxildir. Kitab Azərbaycan və ingilis dillərində nəfis tərtibatda nəşr edilmişdir.


Kitabda Habil Əliyevin ulu öndər Heydər Əliyev, Prezident İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva ilə birgə çəkdirdiyi şəkillər yer almışdır. Kitab həmçinin sənətkarın həyat və yaradıcılığının müxtəlif dövrlərini əks etdirən fotoşəkillər, müxtəlif tədbirlərdə, qastrollarda ailə və sənət dostları ilə çəkdirdiyi şəkilllərlə də zəngindir.


Kitab ümummilli lider Heydər Əliyevin Habil Əliyev haqqında dediyi “...Hər adam mühəndis də, həkim də, müəllim də, tacir də ola bilər, hamı tar, kamança çala bilər, ancaq sənin kimi çala bilməz. Ona görə də sən bu sənəti seçməyinlə fəxr edə bilərsən. Biz də sənin kimi kamança çalan Habillə fəxr edirik” dəyərli sözləri ilə başlayır. Bu səhifədə ümummilli liderimiz Heydər Əliyev tərəfindən 1997-ci il 28 may tarixli fərman ilə Habil Əliyevə təqdim olunmuş “Şöhrət” ordeni diplomunun surəti də əks olunmuşdur.


Kitbda daha sonra Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Habil Əliyevə ünvanladığı təbrik məktubunun surəti verilmişdir. Sənətkarı 80 illik yubileyi və “İstiqlal” ordeni ilə mükafatlandırılmağı münasibətilə təbrik edən Mehriban xanım Əliyeva sənətkarın Azərbaycan musiqisinin inkişafındakı xüsusi rolunu qeyd etmiş və bundan sonra da xalqımızın xoş gələcəyi uğrunda yaşayıb-yaradacağına inandığını bildirmişdir.


Kitabın “Habil Əliyev”, “Habil Kaman” başlıqlı yazılarında sənətkarın ömür və yaradıcılıq yolu işıqlandırılmışdır. Qeyd olunur ki, Habil Əliyev təkcə doğma Azərbaycanın deyil, Şərqin, bütün türk dünyasının sevilən, seçilən sənətkarıdır. Habil Əliyev dünyanın bir çox ölkələrində - Türkiyədə, İranda, Misirdə, Bolqarıstanda, Əlcəzairdə, İtaliyada, Fransada, ABŞ-da, İngiltərədə, Tunisdə, Suriyada, Hindistanda, Yaponiyada və s. ölkələrdə qastrol səfərlərində Azərbaycan musiqisini dünya xalqlarına sevdirmişdir. Ustad sənətkarın ifa etdiyi “Sarı gəlin”, “Qaragilə”, “Dilbərim”, “Apardı sellər Saranı”, “Sona bülbüllər”, “Sarıköynək”, “Yaxan düymələ”, “Tello”, “İrəvanda xal qalmadı” kimi xalq mahnıları, “Ana”, “Ay qız” (C.Cahangirov), “Sən-sən” (Ə.Tağıyev), “Həkim qız” (S.Rüstəmov), “Cücələrim” (Q.Hüseynli) və b. onlarca bəstəkar nəğmələri tamam başqa tərzdə, ifa əlvanlığı ilə səslənir. Habil Əliyevin kamançada çaldığı “Segah”, “Bayatı-Şiraz”, “Cahargah”, “Dilkəş”, “Dügah” özünəməxsus üslubda, yeni çalarda, təzə ovqatda oldu. O, kimsəni təkrar etmədi, ancaq özünü ifadə elədi.


Kitabda qeyd olunur ki, Habil Əliyev təkcə muğam və xalq mahnılarımızın mahir ifaçısı deyil, həm də gözəl, yaddaqalan mahnıların yaradıcısıdır. O, on beşdən artıq mahnının müəllifidir. Onun “Gülüm yatsın”, “Şəhla gözlüm”, “Vəfa”, “İlk məhəbbət”, “Güləsən gərək” və b. mahnıları ən görkəmli müğənnilərimizin ifasında eşidilmişdir və eşidilməkdədir.


Kitabda Habil Əliyevin pedaqoji fəaliyyətinə toxunulur və qeyd olunur ki, sənətkar pedaqoji fəaliyyətlə məşğul olmasa da, özündən sonra gələn bir çox kamança ifaçılarının ustadıdır. Çünki Habil Əliyevin sənəti böyükdür və danılmazdır.


Nəşrdəki mətnlərin müəllifi Mustafa Çəmənli, tərcüməçi Bəylər Hacıyevdir.