11 iyun 2007

Heydər Əliyev Fondu “Fəxri xiyaban” kitabını nəşr edib

Heydər Əliyev Fondu nəfis tərtibatda “Fəxri xiyaban” kitabını nəşr etmişdir. Etiraf etmək lazımdır ki, xarici ölkələrdən gələn qonaqların hər zaman üz tutduğu Fəxri xiyaban haqqında belə elmi-kütləvi nəşrə böyük ehtiyac duyulurdu və Fond bu boşluğu doldurmuşdur.


Soraq kitabında toplanmış, Azərbaycan və ingilis dillərində hazırlanmış materiallar ulu öndər Heydər Əliyevin nəsillərə örnək olan həyat yolu haqqında yığcam məqalə ilə başlayır. Burada xalqımızın dahi oğlunun Fəxri xiyabandakı qəbirüstü abidə kompleksinin şəkli də dərc olunmuşdur.


Digər materiallar isə ensiklopedik qaydada əlifba sırası ilə verilmişdir. Təbii ki, Azərbaycan oxucularının bir qismi, xüsusilə yaşlı və orta nəslin nümayəndələrinin Fəxri xiyabanda dəfn olunmuş insanların çoxu barədə məlumatları vardır. Ancaq gənc nəsli və ölkəmizə gələn xarici qonaqları nəzərə alsaq, deməliyik ki, Heydər Əliyev Fondu bu təşəbbüsü ilə çox böyük maarifləndirici və təbliğat işi görmüşdür.


Azərbaycanın görkəmli maarifçi, yazıçı və şairlərindən Cəlil Məmmədquluzadə, Həsən bəy Zərdabi, Əbdürrəhim bəy Haqverdiyev, Məmməd Səid Ordubadi, Süleyman Sani Axundov, Cəfər Cabbarlı, Abdulla Şaiq, Əli Nəzmi, Səməd Vurğun, Süleyman Rəhimov, Rəsul Rza, Vahid, Mirzə İbrahimov, Mehdi Hüseyn, Süleyman Rüstəm, Əli Vəliyev, İsmayıl Şıxlı, Sabit Rəhman, Cabir Novruz, İlyas Əfəndiyev, Xəlil Rza Ulutürk, Məmməd Araz, Nəbi Xəzri, Yusif Səmədoğlu və başqalarının tərcümeyi-halı, yaradıcılığı haqqında verilən məlumatlar çox qısa, informasiya xarakteri daşısa da, ümumi təsəvvür yaradır.


Fəxri xiyabanda dəfn edilənlər içərisində mədəniyyət və incəsənət xadimləri üstünlük təşkil edir. Bu siyahıda birinci yeri, şübhəsiz ki, xalqımıza böyük şöhrət gətirmiş, Şərqdə, o cümlədən Azərbaycanda professional musiqinin, opera və baletin banisi, əsərləri bir çox dillərə tərcümə olunaraq dünya musiqi mədəniyyətinin qızıl fonduna daxil olmuş dahi bəstəkar Üzeyir Hacıbəyov tutur.


Müslüm Maqomayev, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Mikayıl Abdullayev, Qəmər Almaszadə, Rəşid Behbudov, Leyla Bədirbəyli, Bəşir Səfəroğlu, Bülbül, Cahangir Cahangirov, Səid Rüstəmov, Vasif Adıgözəlov, Həqiqət Rzayeva, Hüseynqulu Sarabski, Mərziyə Davudova, Fuad Əbdürrəhmanov, Mehdi Məmmədov, Seyid Şuşinski, Ələsgər Ələkbərov, Şövkət Ələkbərova, Tofiq Quliyev, Süleyman Ələsgərov, Kamil Əliyev, Mirzağa Əliyev, Hüseyn Ərəblinski, Sidqi Ruhulla, Mikayıl Hüseynov, Lətif Kərimov, Hökumə Qurbanova, Soltan Hacıbəyov, Əzim Əzimzadə, Sara Qədimova, Leyla Vəkilova, Nəsibə Zeynalova və başqalarının adı xalqımızın yaddaşına əbədi həkk olunmuşdur. Onların adı, sənəti mədəniyyət tariximizdə əbədi yaşayacaq, nəsillərə örnək olacaqdır.


Oxucular dövlət xadimləri və ictimai xadimlərdən Əziz Əliyev, İmam Mustafayev, Əbülfəz Elçibəy, Seyidcəfər Pişəvəri, Şıxəli Qurbanov, Afiyəddin Cəlilov, Arif Heydərov, Kamran Hüseynov, Əliş Ləmbəranski, Süleyman Vəzirov, əmək qəhrəmanları Qurban Abbasov (Neftçi Qurban), Ağa Nemətulla, Bəsti Bağırova, Əli Əmirov və başqaları haqqında da yığcam məlumat ala biləcəklər.


Xalqımızın yetirdiyi alimlər zaman-zaman ölkəmizdə və onun hüdudlarından kənarda elmi ixtiraları, sanballı tədqiqatları ilə özlərinə və mənsub olduqları diyara şərəf-şöhrət qazandırmış, elmi-texniki tərəqqiyə töhfələrini vermişlər. Akademiklər Zərifə Əliyeva, Heydər Hüseynov, Yusif Məmmədəliyev, Azad Mirzəcanzadə, Həsən Abdullayev, Ziya Bünyadov, Məməd Arif, Mustafa Topçubaşov və başqaları belələrindəndir.


Azərbaycan xalqı həmişə özünün qəhrəman oğulları ilə fəxr etmişdir. İkinci Dünya müharibəsində və dinc quruculuq dövründə igidliyi, şücaəti, sərkərdəlik qabiliyyəti ilə seçilmiş generallar Akim Abbasov, Mahmud Əbilov, Səlahəddin Kazımov, Məlik Məhərrəmov, Hüseyn Rəsulbəyov, Hacıbaba Zeynalov və başqaları haqqında verilmiş məlumatlar, heç şübhəsiz, gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsi baxımından da faydalıdır.


Erməni millətçilərinin əzəli torpağımız olan Dağlıq Qarabağı ələ keçirmək niyyəti ilə başladıqları silahlı təcavüz nəticəsində on minlərlə vətən oğlu torpaqlarımızın müdafiəsi uğrunda döyüşlərdə həlak olmuşdur. Azərbaycanın tanınmış oğullarının bəziləri isə ermənilərin fitnəkar qəsdlərinin qurbanı olmuşlar. Onların bir qrupu – 1991-ci il noyabrın 20-də Dağlıq Qarabağda - Qarakənd yaxınlığında vurulmuş vertolyotda həlak olanlar - sabiq daxili işlər naziri, general-mayor Məhəmməd Əsədov, Azərbaycanın ilk dövlət katibi, istedadlı alim Tofiq İsmayılov, Baş prokuror İsmət Qayıbov, dövlət xadimləri, Nazirlər Soveti sədrinin müavini Zülfi Hacıyev, Vəli Məmmədov, tanınmış publisist-jurnalist Osman Mirzəyev və başqaları Fəxri xiyabanda dəfn edilmişlər. Kitabda onların hər biri haqqında qısa məlumat verilmişdir.


Fəxri xiyaban haqqında kitabı vərəqlədikcə xalqımızın tolerantlığı, müxtəlif din və dillərə mənsub insanlara eyni dərəcədə xoş münasibəti, hörmət və ehtiramla yanaşması, humanizmi də aydın görünür. Fəxri xiyabanda müxtəlif millətlərin nümayəndələri dəfn olunmuşdur və kitabda onların haqqında məlumat vardır.


Ümumiyyətlə, “Fəxri xiyaban” kitabında 242 nəfər haqqında məlumat toplanmışdır.


Kitabın yüksək poliqrafik səviyyədə nəşr edilib ictimaiyyətə çatdırılması ulu öndərin adını daşıyan Fondun xalqımızın tərəqqisinə xidmətinin, zəngin tarix və mədəniyyətinə hörmət və ehtiramının nümunəsi, qurumun bu istiqamətdə ardıcıl fəaliyyətinin, nəcib təşəbbüslərinin növbəti təzahürüdür.