28 aprel 2007

Heydər Əliyev Fondunun dəstəyi ilə görkəmli yazıçı, ədəbiyyatşünas alim və pedaqoq Mir Cəlal Paşayevin əsərləri türk dilində nəşr edilib

Heydər Əliyev Fondunun dəstəyi ilə görkəmli yazıçı, ədəbiyyatşünas alim və pedaqoq Mir Cəlal Paşayevin “Dirilən adam”, “Açıq kitab” romanları, “Göylər adamı”, “İdxal xəstəlik”, “Möhür və eşq” hekayə kitabları Türkiyədə nəfis tərtibatla nəşr edilərək türk oxucularına təqdim olunmuşdur.


5 kitabda toplanmış roman və hekayələri türk dilinə Əli Əkbər Əliyev və Azad Ağayev tərcümə etmişlər. Kitabların üz qabığında əsərlərdəki personajlara uyğun şəkillər və yazıçının həyat, yaradıcılıq yolunu əks etdirən yığcam məlumatlar verilmişdir.


Həmin məlumatlarda qeyd edilir ki, Mir Cəlal Paşayev Azərbaycan ədəbiyyatında roman janrının bünövrə daşlarını qoyanlardan biri olmuşdur. Yazdığı 6 roman və yüzlərlə hekayələri ilə yanaşı, onun böyük Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığının ən dərin bilicisi və tədqiqatçısı olduğu da vurğulanır. Yaradıcılığında həmişə zülmə, ədalətsizliyə qarşı mübarizə prinsiplərini ön plana çəkən yazıçı bir qayda olaraq cəsarətli, mübariz insanları əsərlərinə qəhrəman seçir, bədbinliyi tənqid atəşinə tuturdu. Sovet rejimi çərçivəsində irticanın meydan suladığı çağlarda belə quruluşun insanlığa nə qədər yabançı olduğunu ayrı-ayrı fakt və detallarla, obrazların dili ilə özünəməxsus məharətlə oxucuya çatdırırdı.


Bu kitablar həm də görkəmli yazıçı və alim Mir Cəlal Paşayevin 100 illik yubileyinə dəyərli töhfədir.


Azərbaycan ədəbiyyatının ən gözəl nümunələrinin xarici ölkə oxucularına çatdırılmasına və eyni zamanda, müxtəlif xalqlara məxsus ən dəyərli əsərlərin dilimizə çevrilib nəşr edilməsinə daim yardımçı olan Heydər Əliyev Fondunun bu təşəbbüsü də olduqca təqdirəlayiqdir. Bunu türk oxucularının bu əsərlərə, Mir Cəlal yaradıcılığına dərin marağı, kitabların qısa vaxtda qardaş ölkədə geniş populyarlıq qazanması bir daha sübut edir.