8 dekabr 2006

Heydər Əliyev Fondu tanınmış rus alimi, yazıçı-tarixçi, professor Rudolf İvanovun “Əlahəzrətin general-adyutantı. Hüseyn xan Naxçıvanski haqqında dastan” kitabını nəşr edib

Heydər Əliyev Fondu tanınmış rus alimi, yazıçı-tarixçi, professor Rudolf İvanovun "Əlahəzrətin general-adyutantı. Hüseyn xan Naxçıvanski haqqında dastan" kitabını nəşr etmişdir. Kitab Rusiyanın 20 mükafatı və 9 xarici orden ilə təltif olunmuş, rus ordusunun qocaman və adlı-sanlı alaylarına komandanlıq etmiş görkəmli həmyerlimizin həyatı və əsgəri rəşadətindən bəhs edir.


Kitab müəllif Rudolf İvanovun ön sözü ilə başlayır. Müəllif qeyd edir ki, özünün 34 illik hərb və döyüş həyatında Hüseyn xan kornetdən general kavalerinə qədər yol keçmiş və ən böyük hərbi rütbəyə - Əlahəzrətin general-adyutantı rütbəsinə layiq görülmüşdür. Hüseyn xan iyirmi il At polkuna xidmət göstərmiş, Rus-yapon müharibəsində 2-ci Dağıstan At polkuna, müharibədən sonra isə əfsanəvi 44-cü Nijeqorodskiy polka rəhbərlik etmişdir. Birinci dünya müharibəsi general Hüseyn xan Naxçıvanskidə yeni sərkərdəlik istedadını meydana çıxardı. O həmişə döyüşlərin ön cəbhəsində olur və uğurlu komandirlik edirdi.


Müəllif qeyd edir ki, tabeliyində olanlara qarşı nəzakətli, ciddi və xeyirxah münasibətinə görə Hüseyn xan Naxçıvanski hərbiçilər tərəfindən sevilirdi və tabeçiliyində olanlar döyüş tapşırığını şərəflə yerinə yetirirdilər. General Hüseyn xan Naxçıvanskinin rəhbərliyi altında gələcəyin tarixi şəxsiyyətləri də var idi. Ağ hərəkatın liderləri olacaq P.N.Vranqel, A.İ.Denikin, A.M.Kaledin, məşhur dövlət xadimləri Ukrainanın Getmanı P.P.Skoropadskiy, Finlandiyanın Feldmarşalı və Prezidenti K.K.Mannerqeym belə şəxsiyyətlərdəndir.


Sonda müəllif qeyd edir ki, Hüseyn xan Naxçıvanski “qırmızı terrorun” qurbanı olmuşdur. Hüseyn xan Petroqradda FK-nın sədri M.S.Uritskinin verdiyi orderə əsasən həbs edilmişdir. Hüseyn xan bir müddət Petroqrad şəhər türməsində olur. Amma 1918-ci ilin sentyabrından sonra onun haqqında məlumat yoxdur. FTX-nın arxivlərində aparılmış axtarışlar da bir nəticə verməmişdir. Müəllif qeyd edir ki, Azərbaycan tarixçiləri generalın 1919-cu ilin əvvəlində güllələnməsini iddia edirlər. Amma FTX-nın arxivlərindəki sənədlər bunu təsdiq etmir. Ola bilsin ki, lazımi sənədlər arxivlərdə mühafizə olunmayıb və ya araşdırılmayıb.


Müəllif yazır ki, böyük fəxrlə bu fövqəladə sərkərdənin həyat və qəhrəmanlıqlarını qələmə alarkən general-adyutant Hüseyn xan Naxçıvanskinin taleyinin naməlum olması kimi qəmgin bir fakt ilə rastlaşacağını gözləmirdi. Amma müəllif bu məsələdə optimist olduğunu bildirir və qeyd edir ki, Hüseyn xan Naxçıvanskinin fəal, fədəkar və rəşadətli fəaliyyəti, onun qüsursuz, əxlaqi mənəviyyatı heç bir cəmiyyətə, o cümlədən bizim cəmiyyətə də Rusiya İmperiyasının bu mühüm, görkəmli fiqurunun taleyinin naməlum qalmasına göz yummaq hüququ vermir.


Bu əsər nadir arxiv sənədlərinə əsaslanır və Azərbaycan gənclərinin hərbi vətənpərvərlik tərbiyəsi üçün böyük əhəmiyyəti var.