2011-ci il dekabrın 2-də Romada Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib. Heydər Əliyev Fondunun və ölkəmizin İtaliyadakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə Roma Operasının binasında təşkil olunmuş mərasimdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva və İtaliyanın Xarici İşlər Nazirliyinin dövlət katibi xanım Marta Dassu iştirak ediblər.
Tədbir çərçivəsində qədim misgərlik nümunələrinin, musiqi alətlərinin, xalçaların, Bakıda ənənəvi olaraq keçirilən “Qız qalası” festivalında təqdim edilən əsərlərin nümayiş olunduğu sərgi təşkil olunub.
Tədbirdə Heydər Əliyev Fondu tərəfindən Azərbaycan haqqında italyan dilində hazırlanmış müxtəlif nəşrlərlə yanaşı “Azərbaycan” nəşrinin italyan versiyasının təqdimatı olub.
Mərasimdə Azərbaycan incəsənət ustaları konsert proqramı ilə çıxış ediblər. Konsertdən sonra qonaqlara Azərbaycan mətbəxinin nümunələri təqdim olunub. Sonda tədbir iştirakçılarına Heydər Əliyev Fondunun Azərbaycana aid nəşrləri hədiyyə olunub.