2008-ci ildə Heydər Əliyev Fondu Qala Dövlət Tarix Etnoqrafiya qoruğunun ərazisindəki abidələrin qorunması, Abşeronda aşkar edilən arxeoloji tapıntılar hesabına qoruğun zənginləşdirilməsi məqsədi ilə açıq səma altında Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksini yaradıb. 2008-ci il oktyabrın 10-da Prezident İlham Əliyev və xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva muzey kompleksinin açılışında iştirak ediblər.
Kompleksdə Abşeron yarımadasında tapılmış və eramızdan əvvəl III-II minilliklərdən orta əsrlərə qədər dövrü əhatə edən qayaüstü rəsmlər, Qavaldaş, keramika, məişət və bəzək əşyaları, silah və sikkələr, qədim yaşayış kompleksinin konservasiya olunmuş qalıqları və s. yerləşdirilib.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun “Abşeron” arxeoloji ekspedisiyası 2010-2011-ci illərdə burada qazıntı işləri aparıb. Qazıntılar nəticəsində e.ə. III-II minilliyə, həmçinin XIV-XV əsrlərə aid müxtəlif tapıntılar aşkar edilib. Qala abidə kompleksində Tunc dövrünə aid qayaüstü və qayaaltı yaşayış məskənləri, qayaüstü təsvirlər, qədim özüllər, ibtidai divar qalığı, X-XIV və X-XV əsrlərə aid Xəzər dənizi və Bakı şəhəri istiqamətində iki yeraltı yol, XVIII əsrin yadigarı təndir nümayiş etdirilir. Buradakı qayaların üzərində əsasən insan və heyvan fiqurları, müxtəlif fraqmentlər həkk olunub.
Kompleksə daxil olan X-XIV əsrə aid Qala qəsri qüllədən və istehkamdan ibarətdir. Müşahidə və mühafizə məqsədilə istifadə olunmuş X-XIV əsrə aid qüllənin hündürlüyü 13,8 metrdir. XVI-XVII əsrlərin yadigarı olan istehkamda X-XVI əsrlərə aid qızıl pullar, qızıl qolbaq qalıqları, keramika nümunələri sərgilənir.
Həyata keçirilmiş bu layihə Azərbaycanın tarixi keçmişinin qorunub saxlanılması ilə yanaşı, ölkəmizin turizm mərkəzlərindən birinə çevrilməsinə də xidmət edir.
2011-ci ildə Qala Muzey Kompleksinin ərazisində Qala İnformasiya Mərkəzi, Etno-Ekoloji Mərkəz, Əntiq Əşyalar Muzeyi yaradılmış və karvansara-restoran fəaliyyətə başlamışdır.
Qala İnformasiya Mərkəzi vasitəsilə turistlər, qonaqlar qoruq ərazisindəki muzeylər barədə ətraflı məlumat əldə edə, elektroavtobuslar və velosipedlər icarəyə götürə bilərlər.
Heydər Əliyev Fondunun dəstəyi ilə 2010-cu ildə keçirilən Qala festivalında toxuculuq, dulusçuluq, dəmirçilik ənənələrini yaşadan sənətkarların əl işləri nümayiş etdirilmiş, uşaqlar üçün ustad dərsləri təşkil olunmuş, gənc nəslin nümayəndələrinə qədim məişət və etnoqrafik ənənələrimizlə yaxından tanış olmaq imkanı yaradılmışdı. Festivalın maraqla qarşılanması Etno-Ekoloji Mərkəzin yaradılması ideyasına təkan vermişdir. Etno-Ekoloji Mərkəzdə uşaqların istirahəti, onların xalqımızın qədim tarixini, mədəniyyətini dərindən öyrənməsi, qədim el sənətlərinin müxtəlif növlərinə yiyələnməsi, müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılmışdır.
Muzey Kompleksin ərazisində fəaliyyət göstərən karvansara-restoranın birinci mərtəbəsi kafe, ikinci mərtəbəsi isə restoran kimi fəaliyyət göstərir. Restoranın arxa bağçasındakı karvansarada 7-si açıq, 7-si isə qapalı olmaqla Şərq memarlıq üslubunda inşa edilmiş 14 kabinet yaradılmışdır.
Muzey Kompleks ərazisində fiziki imkanları məhdud insanların hərəkəti üçün şərait yaradılmış, mühafizə kameraları quraşdırılmış, 35 min kvadratmetr sahədə avtomobil dayanacağı, elektromobillər üçün qaraj tikilmişdir.