Heydər Əliyev Fondu 2012-ci ilin mayında Bakıda keçirilən “Eurovision” Mahnı Müsabiqəsinin Təşkilat Komitəsinin rəsmi tərəfdaşı olub.
2011-ci ildə Almaniyada keçirilən 56-cı Eurovision Mahnı Müsabiqəsində Azərbaycan təmsilçiləri 221 səs toplamaqla yarışmanın qalibi oldular.
2011-ci il mayın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Eurovision” Mahnı Müsabiqəsi 2012-nin təşkili və keçirilməsi haqqında Sərəncam imzalamış və sərəncama əsasən, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın sədrliyi ilə Təşkilat Komitəsi yaradılmışdır. Mehriban Əliyeva həm də Azərbaycanın “Eurovision” Mahnı Müsabiqəsində iştirakının təşəbbüskarıdır.
2011-ci il dekabrın 28-də Bakıda keçiriləcək “Eurovision” mahnı müsabiqəsinə hazırlıq çərçivəsində Heydər Əliyev Fondu ilə İctimai Televiziya və Radio Yayımları Şirkəti arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanmışdır. Əməkdaşlıq çərçivəsində müxtəlif mədəni tədbirlərin təşkil olunması və keçirilməsinə mütəxəssislərin cəlb edilməsi, Bakı şəhərinin müsabiqəyə uyğun bəzədilməsi, “Eurovision” Mahnı Müsabiqəsi həftələrində “Eurovillige”, “Euroclub” kimi ənənəvi sosial proqramların təşkili və könüllülər komandasının cəlb olunması və s. məsələlər nəzərdə tutulmuşdur. Beləliklə, beynəlxalq tədbirlərin təşkilində zəngin təcrübəyə malik olan Heydər Əliyev Fondunun Müsabiqənin Təşkilati Tərəfdaşı kimi yaxından iştirakı müsabiqənin yüksək səviyyədə keçirilməsini təmin etdi.
Dünyanın 80-dən çox ölkəsindən media nümayəndələrinin və qonaqların, 42 ölkə təmsilçisinin iştirak etdiyi bu möhtəşəm müsabiqə Azərbaycanın zəngin tarixi və mədəni irsinin dünyaya tanıdılması baxımından əhəmiyyətli hadisə idi.