2013-cü ildə keçirilən 55-ci Ümumdünya təsviri incəsənət sərgisi – Venesiya Biennalesində Azərbaycan pavilyonu Heydər Əliyev Fondunun təşkilatçılığı ilə təqdim olunub.
Mayın 31-də Azərbaycan pavilyonunun rəsmi açılış mərasimi keçirilib. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak ediblər.
XIV əsrə aid Lezze Sarayında yerləşən Azərbaycan pavilyonu “Ornamentlər” devizi altında təqdim olunur. Azərbaycanı altı rəssam – Butunay Haqverdiyev, Fəxriyyə Məmmədova, Fərid Rəsulov, Rəşad Ələkbərov, Sənan Ələsgərov və Çingiz təmsil edirlər.
Sərgi noyabra qədər davam edəcək.
X X X
Venesiya Biennalesi dünyanın çağdaş incəsənətində ən nüfuzlu və mötəbər sərgi-aksiya hesab olunur. İncəsənət həvəskarları üçün Venesiya Biennalesi müasir incəsənət əsərlərini görmək, öz yaradıcılığını təqdim etmək, incəsənət xadimləri ilə görüşmək və çağdaş meylləri müzakirə etmək üçün gözəl fürsətdir.
Azərbaycan artıq dördüncü dəfədir ki, Venesiya Biennalesinə qatılır və bu ölkəmizin, onun zəngin mədəniyyətinin tanıdılmasına köməklik edir.