2021-ci il avqustun 30-31-də Şuşada Heydər Əliyev Fondu tərəfindən Vaqif Poeziya Günləri keçirilib.
Avqustun 30-da Vaqif Poeziya Günlərinin rəsmi açılışı olub.
Vaqif Poeziya Günləri çərçivəsində “Qarabağ Azərbaycan mədəniyyətinin incisidir”, “Yenidən doğma diyarda. Qarabağın sənət inciləri” və “Yaddaş. Fotoqrafik tarix” sərgiləri təşkil edilib.
Şuşa Rəsm Qalereyasında təşkil edilən “Qarabağ Azərbaycan mədəniyyətinin incisidir” adlı sərgidə nümayiş olunan rəsm və heykəltəraşlıq nümunələri sevincli və kədərli, real və fantastik, açıq və gizli, rəngarəng və monoxrom dünyaya səyahətə aparır. Burada nümayiş etdirilən əsərlərdə əsas ilham mənbəyi Qarabağdır.
Sərgidə Böyükağa Mirzəzadə, Toğrul Nərimanbəyov, Maral Rəhmanzadə, Nadir Abdurrəhmanov, Mikayıl Abdullayev, Ucal Haqverdiyev, Müseyib Əmirov və Azərbaycanın digər görkəmli rəssamlarının əsərləri yer alıb. 60-dan çox əsərin nümayiş olunduğu sərgidə Qarabağın mənzərələri, ədibləri, xalçası, atı, muğamı, Vətən müharibəsində qələbə mövzularına geniş yer verilib. Burada Xalq rəssamı Altay Hacıyevin “Məclisi-üns”, Xalq rəssamı Səttar Bəhlulzadənin “Yuxarı Daşaltı”, Əməkdar rəssam İnna Kostinanın “Qarabağın zənginliyi”, Leyla Əliyevanın “Xarıbülbül” əsərləri, Faiq Hacıyevin “Qarabağ atı”, Orxan Nəbizadənin “Qarabağ gözəli” kimi heykəltəraşlıq nümunələri və digər əsərlər nümayiş olunur.
Şuşadakı Xalçaçılıq Qalereyasında Azərbaycan Milli Xalça Muzeyinin təqdim etdiyi “Yenidən doğma diyarda. Qarabağın sənət inciləri” adlı sərgidə xovlu və xovsuz xalçalar, xalça məmulatları, milli tikmə və geyim dəstləri, bədii metal nümunələri nümayiş olunur. Yenidən öz doğma diyarında sərgilənən bu eksponatların əksəriyyəti Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialından Bakıya gətirilib. Sərgidə əsrlər boyu çox yüksək dəyərləndirilən, xarici muzey və şəxsi kolleksiyaların nadir inciləri sırasına daxil olan Qarabağ xalçalarının müxtəlif bölgələrə aid nümunələrini görmək mümkündür. Buraya maldarlıqla məşğul olan əhalinin həyat tərzini əks etdirən damğa naxışlı, həm də şəhər mədəniyyətini özündə ehtiva edən, peşəkar emalatxanalarda toxunan nəbati naxışlı və süjetli xalçalar – “Vərni”, “Zili”, “Çələbi”, “Ləmpə”, “Malıbəyli”, “Qasımuşağı”, “Əyan məclisi” və digərləri aiddir. İri ölçüsü, mükəmməl kompozisiya quruluşu və əlvan koloriti ilə “Ləmpə” dəst xalı-gəbəsi xüsusi maraq doğuran eksponatlardandır.
“Yaddaş. Fotoqrafik tarix” sərgisi Azərbaycanın qədim tarixini, zəngin mədəniyyətini, gözəl təbiətini, ənənələrini təcəssüm etdirir. Burada işğaldan azad olunmuş rayon və şəhərlərdə ermənilərin törətdiyi vəhşiliklərə, dağıntılara dair fotolar da təqdim edilir. Sərgidə Vətən müharibəsi zamanı Ermənistan tərəfindən mülki əhaliyə qarşı törədilən cinayətləri əks etdirən fotolar da nümayiş olunur.
Avqustun 31-də Vaqif Poeziya Günləri çərçivəsində simpozium keçirilib, xalq şairlərinin, həmçinin orta nəsil və gənc şairlərin çıxışları, muğam sənətkarlarının ifaları dinlənilib, “Nizamidən Vaqifə” adlı poetik kompozisiya təqdim edilib.