2024-cü il sentyabrın 18-28-də Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı keçirilib.
Festival çərçivəsində Bakı ilə yanaşı, Şuşa, Gəncə və bir sıra şəhərlərdə açıq və qapalı məkanlarda konsertlər, tamaşalar, sərgilər, elmi konfrans və ustad dərsləri təqdim olunub. Bütün ölkə üzrə Heydər Əliyev mərkəzləri və kinoteatrlarda Üzeyir Hacıbəylinin əsərləri əsasında lentə alınmış bədii filmlər nümayiş olunub, xarici ölkələrdə fəaliyyət göstərən mədəniyyət mərkəzlərində müxtəlif tədbirlər təşkil edilib.
Festivalda Azərbaycanla yanaşı, ABŞ, Rusiya, Almaniya, İspaniya, Avstriya, Koreya, Türkiyə, Braziliya, Hindistan və digər ölkələrdən tanınmış ifaçı və kollektivlər iştirak ediblər.