Çöl Qala məscidi

  • Layihə
  • Foto


Şuşada yerləşən Çöl Qala məscidi və bulağı Heydər Əliyev Fondu tərəfindən bərpa olunub.

 

Məscid XIX əsrdə Şuşa şəhərində fəaliyyət göstərən 17 məsciddən biri olub. Bu tarixi abidə XIX əsrdə Kərbəlayi Səfixan Qarabaği tərəfindən inşa edilib. Məscid Şuşa şəhərinin işğalından sonra ermənilər tərəfindən dağıdılmış və talan edilmişdi. Burada bərpa işlərinə 2023-cü ildə “PAŞA Holdinq”in dəstəyi ilə başlanılıb. 2025-ci il mart ayında məscidin açılışı olub.

 

Məscidin həyətinin deformasiyaya uğrayan əksər döşəmə daşları sökülərək möhkəmləndirilib və fərş döşəmə bərpa edilib. Dəmir giriş qapısı və hasar üzərindəki məhəccərlər Qarabağ memarlığına xas bəzəklərlə hazırlanıb.

 

Yerli daşdan tikilmiş məscidin fasadının dağılmış hissələri tam bərpa olunub, təhlükəli vəziyyətə düşmüş atma və guşə daşları çıxarılaraq yenidən restavrasiya edilib. Mərtəbələrarası taxta örtük konstruksiyası quraşdırıldıqdan sonra yaranan eyvan şüşəbəndlə tamamlanıb.

 

Məscid giriş hissə, ibadət zalı və köməkçi otaqlardan ibarətdir. Şuşanın digər məscidlərindən fərqli olaraq, burada giriş sağ tərəfdən daş pillələrlə təmin edilib.

 

Məscidin inşasında istifadə olunan daşlar bərpa edilib, mehrab yenidən qurularaq üzərinə “Qurani-Kərim”dən ayələr və naxışlar işlənib.

 

Məscidin yaxınlığında yerləşən və XIX əsrə aid olan dördbucaqlı formalı Çöl Qala bulağı yaxınlıqdakı məscidlərin üslubunda inşa edilib. Bərpa prosesində bulağın orijinal memarlıq üslubu qorunub, strukturu möhkəmləndirilib və əvvəlki görünüşü özünə qaytarılıb.


009.JPG
010.JPG