Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycan Respublikası Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentlik uşaq evləri və internat məktəblərinin məzunları üçün Abşeron rayonunun Masazır qəsəbəsində yaşayış binası inşa edib. 2014-cü il dekabrın 29-da Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva binanın açılış mərasimində iştirak edib.
Bina 120 mənzildən ibarətdir. Mənzillərin hamısı mebel, inventar və avadanlıqla, o cümlədən mətbəx avadanlığı və yataq dəstləri ilə təchiz edilib. Binada 50 yerlik kafe və mətbəx, bərbərxana, ticarət salonu, stolüstü oyunlar və internet zalları, camaşırxana var. Binada fəaliyyət göstərəcək xidmət sahələrində məzunların özləri çalışırlar.