“Toplan” sahibsiz itlərə qayğı mərkəzi

  • Layihə
  • Foto


Heydər Əliyev Fondunun və Bakı Şəhər İcra Hakimiyyətinin sahibsiz itlərlə işin təkmilləşdirilməsi üzrə birgə layihəsi çərçivəsində paytaxtın Balaxanı qəsəbəsində “Toplan” sahibsiz itlərə qayğı mərkəzi yaradılıb. 2019-cu il fevralın 15-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mərkəzin açılışında iştirak edib.

 

2018-ci ildən başlanan layihə sakinlərin təhlükəsizliyinin təmin edilməsi, sahibsiz heyvanlara qayğı göstərilməsi, həmçinin cəmiyyətin onlara qarşı münasibətinin dəyişdirilməsi məqsədi daşıyır.

 

Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Təsərrüfat Kommunal Departamentinin sanitariya və texniki təmizlik idarəsinin ərazisində yerləşən mərkəzdə yenidənqurma işlərinə 2018-ci ilin oktyabr ayında başlanılıb. Ərazisi 2500 kvadratmetrə yaxın olan mərkəz üç inzibati-təsərrüfat binasından ibarətdir.

 

Burada itlərin saxlanılması üçün xüsusi yerlər - volyerlər, karantin-reabilitasiya qəfəsləri yaradılıb. Ərazi abadlaşdırılıb, işıqlandırma və havalandırma sistemləri qurulub. Qurumun əməkdaşları Bakı ərazisində sahibsiz itləri toplayaraq mərkəzə təhvil verəcəklər. Burada həmin heyvanlar peyvəndlənəcək, reproduktiv fəaliyyətlərinin dayandırılması məqsədilə müvafiq əməliyyat aparılacaq. Hər bir it çiplə təmin olunacaq. Yardım göstərildikdən sonra itlər yenidən tutulduqları əraziyə buraxılacaqlar. “Toplan” mərkəzinin baytar bloku müayinələrin aparılması, sterilizasiya, müalicə və heyvanlara mikroçipin yerləşdirilməsi üçün müasir tibbi avadanlıq və preparatlarla təchiz edilib. Həmçinin burada əməliyyata hazırlıq, əməliyyat, müayinə, ordinator, baytarlıq preparatlarının saxlanması otaqları var. Sahibsiz itlərin daşınması və təcili tibbi yardım üçün avtomobillərlə təchiz olunan mərkəz həftə ərzində bütün zəruri prosedurlardan keçirilmək şərti ilə 30-50 it qəbul etmək gücündədir. Buraya daxil olmuş sahibsiz itlərin mərkəzləşdirilmiş qeydiyyatı sistemi də yaradılıb. Heyvanın tutulduğu tarix və ünvan, vəziyyəti, həyata keçirilmiş tibbi yardımlar və mikroçipin nömrəsi xüsusi informasiya bazasına daxil edilir. Sərbəst buraxılan və sahiblərini tapan itlər barədə də bazaya müvafiq məlumatlar yerləşdirilir. 



001.JPG
002.JPG
003.JPG
004.JPG
008.JPG
009.JPG
010.JPG