2015-ci il martın 4-də İtaliyanın paytaxtı Romada Heydər Əliyev Fondunun və Azərbaycanın İtaliyadakı səfirliyinin birgə təşkilatçılığı ilə “Bakı-2015” ilk Avropa Oyunlarının təqdimat mərasimi keçirilib.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva mərasimdə iştirak edib.
İtaliyanın Müasir İncəsənət üzrə Milli Qalereyasında təşkil olunmuş tədbirə İtaliyanın təhsil naziri xanım Stefaniya Ciannini, İtaliya Milli Olimpiya Komitəsinin (İMOK) prezidenti Covanni Malaqo, Roma şəhərinin meri İqnatsio Marino, Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti, Beynəlxalq Olimpiya Komitəsinin Direktorlar Şurasının üzvü və İrlandiyanın Olimpiya Şurasının prezidenti Patrik Hikki, həmçinin İtaliyanın ictimai-siyasi, mədəni dairələrinin, beynəlxalq idman ictimaiyyətinin nümayəndələri və digər nüfuzlu qonaqlar qatılıblar.
Tədbir çərçivəsində “Bakı-2015”ə həsr olunmuş “Biz birlikdə” adlı sərgi təşkil olunub. Bürünc heykəllərdən ibarət sərgidə Azərbaycanın 20-dən çox heykəltəraşının əsərləri nümayiş etdirilib. Qonaqlara Heydər Əliyev Fondunun Azərbaycan haqqında müxtəlif nəşrləri, o cümlədən birinci Avropa Oyunlarına həsr olunmuş bukletlər təqdim olunub.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, İtaliyanın təhsil naziri xanım Stefaniya Ciannini, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki, İtaliya Milli Olimpiya Komitəsinin prezidenti Covanni Malaqo, Roma şəhərinin meri İqnatsio Marino mərasimdə çıxış ediblər.
AOK-un prezidenti Patrik Hikki “Bakı-2015” ilk Avropa Oyunlarının başlanmasına 100 gün qalması münasibətilə Mehriban Əliyevaya xatirə hədiyyəsi təqdim edib.
Tədbirdə “Bakı-2015” birinci Avropa Oyunlarına həsr edilmiş videotəqdimat olub.
Mərasim konsert proqramı ilə davam edib.