1.JPG
9 oktyabr 2006

Mehriban Əliyeva Gürcüstan prezidentinin xanımı Sandra Elizabet Rulofsla görüşüb

Gürcüstan Prezidenti Mixail Saakaşvilinin xanımı Sandra Elizabet Rulofs oktyabrın 9-da Heydər Əliyev Fondunda olmuşdur.

 

Azərbaycan Prezidentinin xanımı Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva xanım Sandra Elizabet Rulofsu böyük səmimiyyətlə qarşıladı.

 

Gürcüstan Prezidentinin xanımı və onu müşayiət edən şəxslər əvvəlcə Fondun fəaliyyətinə, həyata keçirdiyi layihələrə həsr edilmiş sənədli filmə baxdılar.

 

Sonra iki ölkənin birinci xanımlarının görüşü oldu.

 

Mehriban xanım Əliyeva xanım Sandra Elizabet Rulofsu oğlunun olması münasibətilə gözaydınlığı verdi, Gürcüstan Prezidentinin xanımını oğlu Nikolosla birlikdə Bakıda görməkdən məmnunluğunu bildirdi.

 

Azərbaycanın birinci xanımı 2004-cü ilin mayın 10-da dahi şəxsiyyət, ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fondun məqsədləri barədə hörmətli qonağa məlumat verərək dedi ki, qurumun əsas məqsədləri Prezident Heydər Əliyevin zəngin irsini öyrənmək və təbliğ etməkdən, onun Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, qonaqlarda əyani təsəvvür yaratmaqdan, dahi şəxsiyyətin müəllifi olduğu beynəlxalq layihələrin həyata keçirilməsini dəstəkləməkdən, Azərbaycan mədəniyyəti və tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlərə kömək göstərməkdən ibarətdir. Bununla yanaşı, Fond təhsil, səhiyyə, mədəniyyət, elm sahələri ilə də bağlı genişmiqyaslı layihələr hazırlayıb həyata keçirir. Uşaq evləri və internat məktəblərinin yenidən qurulması, maddi-texniki bazasının yaxşılaşması, valideyn himayəsindən məhrum olan uşaqlara hərtərəfli qayğı göstərilməsi, diabet və talassemiyadan əziyyət çəkən insanlara kömək, yeni məktəblərin tikintisi, əlil uşaqlarda informasiya texnologiyaları ilə işləmək vərdişlərinin aşılanması, zəngin mədəniyyətimizin öyrənilməsi, təbliği istiqamətində görülmüş işlərdən danışan Mehriban xanım bildirdi ki, ötən ilyarımda respublikamızda hər biri müasir tələblərə cavab verən 190 məktəb tikilib istifadəyə verilmişdir. Bunun 90-ı ən ucqar dağ kəndlərindədir. Gələn il daha 50 məktəbin tikintisi nəzərdə tutulur.

 

Hazırda Bakıda xalqımızın qədim musiqi sənəti olan muğamın təbliğinə xidmət edən Muğam Mərkəzinin, talassemiyalı xəstələrin müayinə və müalicəsi mərkəzinin tikilməkdə olduğu da vurğulandı.

 

Mehriban xanım Gürcüstanda yaşayan soydaşlarımızın qayğı və problemlərinin də daim diqqət mərkəzində saxlandığını, şagirdlərə hər il dərsliklər, məktəb ləvazimatı paylandığını da xatırlatdı.

 

Xanım Sandra Elizabet Rulofsla Bakıda və Tbilisidə ötən görüşlərində qarşılıqlı əlaqələrin qurulması, inkişaf etdirilməsi, birgə tədbirlərin həyata keçirilməsi istiqamətində dəyərli söhbətlər, məsləhətləşmələr apardıqlarını xatırladan Mehriban xanım indiki görüşün də ölkələrimiz, xalqlarımız arasında həmişə yüksək səviyyədə olan münasibətlərə müsbət təsir göstərəcəyinə əminliyini söylədi.

 

Xanım Sandra Elizabet Rulofs xoş sözlərə, hər görüşdə hiss etdiyi səmimi münasibətə görə Mehriban xanıma təşəkkür etdi, özünün də Gürcüstanda qeyri-hökumət təşkilatına rəhbərlik etdiyini vurğulayaraq, bundan sonra da Fondla ikitərəfli münasibətlərin, əlaqələrin genişlənməsinə çalışacağını bildirdi. Budəfəki səfər proqramının daha geniş olduğunu, ölkəmizi yaxından tanımaq imkanı əldə edəcəyini bildirən xanım Sandra Elizabet Rulofs Azərbaycanın birinci xanımı ilə görüşdən xoş və zəngin təəssürat aldığını vurğuladı.


FOTO