30 dekabr 2011

Uşaqlar üçün ənənəvi bayram şənliyi

Heydər Əliyev Fondu hər il uşaq evlərində və internat məktəblərində təlim-tərbiyə alan, kimsəsiz və valideyn himayəsindən məhrum, təhsildə xüsusilə fərqlənən uşaqlar üçün Yeni il şənlikləri keçirir.

 

Dekabrın 30-da Fondun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və nəvələri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Buta” sarayında təşkil olunmuş növbəti bayram şənliyində iştirak etmişlər.

 

Mehriban Əliyeva bayram şənliyində çıxış edib:

 

- Əziz uşaqlar, hörmətli valideynlər, hörmətli müəllimlər!

 

Mən bu bayram günü sizinlə olmaqdan çox şadam. Heydər Əliyev Fondu tərəfindən hazırlanmış bu Yeni il bayramında həmişə olduğu kimi, sizi görməyə çox şadam. Çox şadam ki, uşaqlar belə xoş əhval-ruhiyyədədirlər, sevinirlər, oynayırlar, oxuyurlar.

 

Başa çatan 2011-ci il ölkəmizin tarixində xüsusi yer tutacaqdır. Əziz uşaqlar, siz hamınız yəqin bilirsiniz ki, bu il Azərbaycan müstəqilliyinin bərpa olunmasının 20-ci ildönümünü qeyd edib. Bu 20 il ərzində ölkəmiz çox böyük nailiyyətlər əldə edib. Ölkəmiz bütün sahələrdə inkişaf edir, yeni proqramlar icra olunur, şəhərlərimiz gözəlləşir, yeni yollar, körpülər, məktəblər, xəstəxanalar, idman mərkəzləri tikilir. Ölkəmizdə bütün sahələrdə böyük inkişaf gedir. Bunu hamımız görürük. Hamımız fəxr edirik ki, biz belə bir qüdrətli və gözəl ölkədə - Azərbaycanda yaşayırıq.

 

Əlbəttə, bütün bu işlərin məqsədi Azərbaycanı güclü, müstəqil, qüdrətli ölkəyə çevirməkdir. Həm də əsas məqsəd ondan ibarətdir ki, siz gələcəkdə belə ölkədə yaşayasınız. Çünki ölkəmizin inkişafını siz davam etdirəcəksiniz. Buna görə də siz bu gün, ilk növbədə gözəl təhsil almalısınız. Çünki gələcək yalnız və yalnız təhsil, bilik, savad və ağılla bağlıdır. Mən bu bayram axşamı, əlbəttə, sizə ilk növbədə cansağlığı arzulamaq istəyirəm. İstəyirəm ki, siz yaxşı oxuyasınız, savadlı, bilikli olasınız. İstəyirəm ki, siz sabah müstəqil Azərbaycanın qurucuları olasınız. Əlbəttə, bugünkü nailiyyətlər hamımızı sevindirir. Bu gün hamımız fəxr edirik ki, belə bir gözəl ölkədə yaşayırıq.

 

Yola saldığımız il bir neçə böyük qələbələrlə də yadda qalacaqdır. Bu gün biz son mahnıda yenə də “Eurovision-2011” müsabiqəsindəki qələbəmizi xatırladıq. Yəqin ki, siz hamınız xatırlayırsınız, biz necə sevinirdik! Bizim iki gənc ifaçımız Azərbaycana bu qələbəni qazandırdı. Bütün Avropa bizə səs verdi. Bu, Azərbaycanın böyük qələbəsidir. Gələn il “Eurovision” mahnı müsabiqəsi ölkəmizdə keçiriləcək və mən əminəm ki, bu, gözəl bir bayrama çevriləcəkdir.

 

Bundan başqa, ölkənin həm ictimai, həm də siyasi həyatında digər nailiyyətlər də olub. Əlbəttə, bunlar hamısı ilk növbədə, gənclərimizin, uşaqlarımızın gələcəyinə yönəlmiş addımlardır.

 

Əziz uşaqlar, əziz valideynlər, hörmətli müəllimlər, ona görə bu gün mən sizi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə bir daha ürəkdən təbrik edirəm. Sizə Yeni İldə, ilk növbədə, cansağlığı, xoşbəxtlik, yeni uğurlar arzulayıram! Çox sağ olun!


Xəbərə keçid