193
Quba şəhərinin talan edilməsi haqqında sənədlər
Quba şəhərinin sakinlərinin şahid ifadələri və müraciətləri
Sənəd № 72
Dindirmə protokolu
1918-ci il. 29 dekabr, Quba şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının
üzvü Novatskinin Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq şahid
qismində dindirdiyi aşağıda imza edən şəxs göstərmişdir:
Mən, Molla Hacı Baba Axundzadə, 60 yaşlı, daimi olaraq Quba
şəhərində, müvəqqəti olaraq isə Bakı şəhərində Təzə Pir məscidinin
yaxınlığında yaşayıram.
Mən Quba şəhərinin Axunduyam. Bu ilin aprel ayında Quba şəhərinə
David Gelovaninin başçılığı altında bolşevik dəstəsi gəldi. Gelovani şəhərin
nümayəndələrini yığıncağa topladı və məni və Əbdürrəhman Əfəndi
İmamı da zorla oraya gətirdilər ki, biz də başqaları ilə birlikdə bolşevik
hakimiyyətini tanıyaq. Biz qorxu altında bolşeviklərə tabe olduq, lakin, nə
mən, nə də Əbdürrəhman Əfəndi İmam bolşevizm ideyasının Şəriətə zidd
olmadığını iddia etməmişik. Gelovani bolşevik qaydalarını tətbiq etməyə
başladı. O, Qubaya gələn kimi, Quba həbsxanasına salınmış erməniləri,
onlara qarşı heç bir təhlükə görmədiyi üçün, həbsxanadan buraxdı.
İş orasındadır ki, Bakı, Şamaxı şəhərlərində və Şamaxı qəzasında baş
vermiş qanlı mart hadisələrindən sonra, fürsət düşən kimi varlanmağa
can atan bəzi qarafikirli müsəlman şəxslər bu hadisələrdən də istifadə
edərək Qubada yaşayan ermənilərə hücum etmiş və onları qarət
etmişdilər. Ağıllı və tədbirli müsəlmanlar, ermənilərin həyatına görə nara-
hat olduqlarından, ermənilərin hamısını bir yerə toplayaraq onları etibarlı
mühafizə altında həbsxanada təcrid etdilər. Ermənilər cəmi 200 nəfərə
yaxın idi. Onların arasında qadın və uşaqlar da var idi. Elə həmin erməniləri
müsəlman tərəfindən heç bir təhlükə gözləmədiyi üçün Gelovani azad
etmişdi. Bir neçə gün sonra ətraf kəndlərin ləzgiləri bolşevikləri Qubadan
qovmaq qərarına gəldilər, şəhəri mühasirəyə aldılar və bolşeviklərlə
atışmaya girdilər. Bolşeviklər şəhəri tərk etməli oldular. Onlar gedərkən
şəhərdə olan və əksəriyyəti ermənilərdən ibarət bütün xristianları özləri
ilə apardılar. Bu adamlardan bir hissəsi geri çəkilərkən öldürüldü, çün-
ki atışma dayanmırdı. Bu hadisələrdən on gün sonra, may ayının 1-də
yalnız ermənilərdən ibarət olan və adı məşhur Amazaspın başçılıq etdiyi
toplarla və pulemyotlarla silahlanmış “cəza dəstəsi” ləzgilər tərəfindən
öldürülmüş ermənilərə görə qubalıları cəzalandırmaq üçün Qubaya gəldi.
Dəstə şəhərə gündüz girmişdi.




