Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə
96
arasında xüsusilə böyük narazılıq yaratmış, erməni ictimaiyyəti arasında,
erməni mətbuatında geniş müzakirələrə səbəb olmuş, “Daşnaksütun”
partiyasının parlament fraksiyası isə Azərbaycan Parlamentində Fövqəladə
Təhqiqat Komissiyasına qarşı geniş kampaniyaya başlamışdı. (304)
D.Gelovaninin Quba hadisələri ilə bağlı FTK-ya verdiyi ifadələr -
müsəlman qırğınlarında erməniləri təqsirləndirdiyi, bu hadisələrin əsas
səbəbkarlarının və icraçılarının adlarını – Şaumyanla Amazaspdan tutmuş
erməni zabitlərinə və “Daşnaksütun” partiyasının üzvlərinədək – istintaqa
açıqladığı ermənilərə məlum ola bilərdimi? Onun öldürülməsinin əsil
səbəbi də bu deyildimi? Həmin dövr FTK-nın fəaliyyəti ətrafında yaranmış
ictimai-siyasi və hüquqi vəziyyət nəzərə alınarsa, hadisələrin bu variantı
tamamilə mümkün sayıla bilər. Bəlkə məhz Fövqəladə Təhqiqat Komis-
siyası ilə əməkdaşlıq etdiyinə görə D.Gelovani Qubadakı keçmiş köməkçisi
M.C.Bağırovdan olduqca xoşagəlməz siyasi xasiyyətnamə almışdı?
Hər halda, ictimai mənşəyinə görə irsi knyaz, əqidəsinə görə sosial-
demokrat – menşevik olan David Aleksandroviç Gelovani, bolşeviklərə
qoşulsa da və erməni daşnaklarla əməkdaşlıq etsə də, nə birincilər, nə də
ikincilər tərəfindən qəbul edilmədi. D.A.Gelovaninin istər öz siyasi mübarizə
yoldaşı – bolşevik Mir Cəfər Bağırov tərəfindən hansı səbəbdənsə “provoka-
tor” adlandırılması, istərsə də keçmiş silahdaşları – erməni daşnaksakanların
həmtayfası Sərkis Terunts tərəfindən qətlə yetirilməsi aydınlaşdırılmamış qaldı.
Quba hadisələrinə dair məhkəmə istintaqı materiallarının olmaması
Fövqəladə Təhqiqat Komissiyasının 1919-cu il noyabr tarixli Qətnaməsində
adları göstərilən şəxslərin Quba şəhərinin və qəza kəndlərinin dağıdılmasına,
əhalisinin isə kütləvi şəkildə qırılmasına görə məsuliyyətə cəlb edilib-
edilmədiklərini dəqiqləşdirməyə imkan vermir. (305) Məlumdur ki, 3 cilddən
ibarət “Quba şəhərinin və Quba qəzasının kəndlərinin talan edilməsi
haqqında Fövqəladə Təhqiqat Komissiyasının işi – 1) Quba şəhərinin ta-
lan edilməsi haqqında; 2) Dəvəçi və Müşkür nahiyələrinin kəndlərinin talan
edilməsi haqqında və 3) Quba qəzasının Qusar, 5-ci Fəthibəy və Quba-qəza
nahiyələrinin talan edilməsi haqqında” – 1920-ci il 29 yanvar tarixdə təyinat
üzrə Azərbaycan Məhkəmə palatası tərəfindən Bakı Dairə Məhkəməsinin
prokuroruna göndərilmişdi. (306)
Lakin, bu da məlumdur ki, nə həmin işə, nə də FTK-nın digər istintaq
işlərinə “sonrakı təyinatda” baxılmaq qismət olmadı. 11 yanvar 1920-ci il
tarixdə Azərbaycan Respublikası üçün çox əlamətdar olan siyasi hadisə baş
verdi – Müttəfiq Dövlətlərin Ali Şurası Azərbaycanın müstəqilliyinin de-fakto
tanınmaq haqqında qərar qəbul etdi. Həqiqətən böyük tarixi əhəmiyyəti
olan bu hadisə ilə əlaqədar olaraq, Azərbaycan Parlamenti 9 fevral 1920-ci il
tarixdə amnistiya haqqında qanun qəbul etdi. Bu qanunun 2-ci maddəsinə
uyğun olaraq onun qəbul edildiyi ana qədər “milli ədavətdən irəli gələn




