Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə
112
istərsə də də bütün xalqın taleyində faciəvi iz qoymuş başqa bir dövr və
hadisələr – 1918-ci il Quba hadisələri – haqqında həqiqəti öz varislərinə
çatdırırlar.
* * *
Fövqəladə Təhqiqat Komissiyasının üzvü Novatskinin “Quba şəhərinin
və Quba qəzasının kəndlərinin talan edilməsi haqqında məruzəsi” ilk dəfə
1990-cı ildə dərc edilmişdir. (341) 1918-ci ilin aprel-may aylarında Qubada
baş vermiş hadisələr haqqında ən mühüm və ətraflı məlumatlardan ibarət
olan bu məruzə, eləcə də istintaq işinin ayrı-ayrı materialları sonrakı illərdə
qismən, Azərbaycan və AXC tarixi, 1917-1920-ci illər milli hərəkatı, erməni-
azərbaycanlı münasibətləri, Cənubi Qafqazda erməni millətçiliyi və s. kimi
geniş spektrli mövzuları araşdıran alim və mütəxəssislərin tədqiqat obyektinə
çevrilmişdir. (342)
Lakin bütün bu illər ərzində FTK-nın sənədləri tam həcmdə dərc
edilməmiş qalırdı. FTK-nın materiallarının bir hissəsini təşkil edən, 1918-ci
il Bakı şəhəri və onun ətraf kəndlərində baş vermiş mart hadisələrinə həsr
edilmiş sənədlərdən ibarət ilk toplu müəllif tərəfindən tərtib edilərək 2009-
cu ildə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi tərəfindən nəşr
edilmişdir. (343)
2010-cu “Fövqəladə Təhqiqat Komissiyasının materialları” silsiləsindən
olan ikinci sənədlər toplusu nəşr olunmuş və bu kitaba “Quba şəhərinin və
Quba qəzasının kəndlərinin talan edilməsi haqqında” istintaq işinin bütün
sənədləri daxil edilmişdir. (344)
2011-ci ildə müəllif tərəfindən xarici arxivlərdə FTK tərəfindən çəkil-
miş və 1919-cu ildə Fransaya Versal Sülh Konfransında Əli Mərdan bəy Top-
çubaşovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyətinə göndərilmiş 102
fotoşəkil aşkar edilmişdir. Həmin şəkillər, onların məhz Komissiya tərəfindən
çəkildiyini sübut edən FTK-nın müvafiq sənədləri ilə birlikdə 2012-ci ildə üç
dildə – rus, ingilis və türk dillərində kitab-albom şəklində dərc edilmişdir.
Kitab-alboma həmçinin Azərbaycanın qəzalarında baş vermiş faciəli hadisə-
lərə aid FTK üzvlərinin məruzələri də daxil edilmişdir. (345)
FTK materiallarından ibarət topluların nəşri, həmin sənədlərin 1918-
ci ildə Azərbaycanın müxtəlif regionlarında əlli mindən artıq günahsız
insanların-azərbaycanlıların qırılmasına, ölkənin müsəlman əhalisinə məxsus
yüzlərlə yaşayış məskənlərinin, minlərlə ictimai, mülki, ticarət, mədəniyyət
obyektlərinin, memarlıq abidələrinin və s. məhv edilməsinə gətirib çıxarmış
dəhşətli terror hadisələrinin əsl miqyası və xarakteri barədə həm Azərbaycan,
həm dünya ictimaiyyətinin məlumatlandırılması işində fövqəladə dərəcədə
əhəmiyyəti və aktuallığı ilə şərtlənir.




