165
Quba şəhərinin talan edilməsi haqqında sənədlər
Quba şəhərinin sakinlərinin şahid ifadələri və müraciətləri
Sənəd № 55
Dindirmə protokolu
1918-ci il. 13 dekabr, Quba şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının
üzvü Novatskinin Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq şahid
qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Məşədi Hüseyn Qulu Bağırov, 44 yaşlı, Quba şəhəri sakini, savadlı.
Quba şəhərində şayiələr gəzirdi ki, ermənilər şəhərin üstünə gəlir,
lakin eyni zamanda deyirdilər ki, onların sayı azdır və bizim müsəlmanlar
onları mühasirəyə alar və əsir götürərlər. Şəhərdə heç kim ermənilərə
müqavimət göstərmək haqqında düşünmürdü. Bir dəfə günorta çağı,
mən ailəmlə və qardaşımla evdə olarkən atışma və qışqırıq səsləri
eşitdim. Məlum oldu ki, ermənilər şəhəri mühasirəyə alıblar və atəşə
tuturlar. Onlar tezliklə şəhərin küçələrində göründülər, kişi, qadın və
uşaqları öldürməyə, qarət etməyə, evlərə və digər tikililərə od vurmağa
başladılar. Mənim evimə bir neçə nəfər erməni gəldi, beş atımı, buğda
ehtiyatımı və daşınan əmlakımı apardılar, və başqaları kimi mənim
də ailəmi öz əsgərləri üçün çörək bişirməyə məcbur etdilər. Bir neçə
gündən sonra məni və qardaşımı çoxlu müsəlmanların olduğu məscidə
gətirdilər. Orada bizə gözətçilər qoydular. Biz ermənilər gedənə qədər
məsciddə qaldıq. Şəhərin küçələrində mən çoxlu cəsədlər görmüşəm,
şəhərin xüsusilə aşağı hissəsində çox adam öldürmüşdülər. Cəsədlərin
üzərində güllə və xəncər yaraları var idi. Meyitlərin üzərində işgəncə
əlamətlərinin olub-olmadığını deyə bilmərəm, çünki yaxından bax-
mamışam. Bir hadisə haqqında deyə bilərəm ki, ermənilər xalça taciri
Kərbəlayı Zeynal Abdindən pul tələb etmişlər, o, pulunun olmadığını
deyərək imtina etdikdə onu öldürmüşlər. Ermənilər gəlmə idilər, və mən
onları tanımırdım, şəhərin küçələrində onların arasında silahlı Quba
ermənilərindən əlində bomba olan qəssab oğlu Arutyunu, bərbər Cavadı,
Qriqorinin oğlunu və xaçmazlı Yaqubun oğlunu görmüşəm, amma
onların adam öldürdüklərini, evləri qarət etdiklərini və yandırdıqlarını
görməmişəm. Ermənilər şəxsən mənə yüz beş min rubl məbləğində
zərər vurmuşlar. Əlavə heç nə deyə bilmirəm.
Oxundu. İmza (ərəb hərfləri ilə)
Tərcümə etdi: Ə.Xanbudaqov (imza)
Komissiyanın üzvü: А.Novatski (imza)
AR DA, f. 1061, s. 1, iş 96, v. 33




