Background Image
Previous Page  32 / 324 Next Page
Information
Show Menu
Previous Page 32 / 324 Next Page
Page Background

Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə

28

XIX əsrin birinci rübünün böhranlı hərbi-siyasi hadisələri Azərbaycanın,

o cümlədən Quba əyalətinin etnik mənzərəsini əhəmiyyətli dərəcədə

dəyişmişdi. “Qafqaz xalqlarının ram edilməsi prosesində çoxmillətli dövlətin

mahiyyəti haqqında çar elitasının təsəvvürü dəyişilmişdi... Çar hökuməti öz

vəzifəsini belə etnik rəngarəngliyin kökünü kəsməkdə görürdü. Təsadüfi deyil

ki, o bu siyasətini islamın nüfuzdan salınması və müsəlman zadəganlığının

legitimliyinə (qanuniliyinə) son qoyulması ilə başlayır. Artıq XIX əsrin birinci

rübündə çar hökumətində belə bir plan təsdiq olunur: müsəlman xan və

bəylərin hakimiyyətini zəiflətmək məqsədilə, yerli inzibati orqanlara rus

nümayəndələri ilə yanaşı iki digər xristian millətinin, erməni və gürcülərin

də nümayəndələri cəlb edilsin. 1820-ci illərin sonlarında İrandan və Osmanlı

imperiyasından mütəmadi olaraq ermənilərin İrəvan ərazisinə köçürülməsinə

başlandı. 1828-ci ildə I Nikolayın əmri ilə keçmiş İrəvan və Naxçıvan xanlıqları

ümumi “Erməni əyaləti” adı ilə birləşdirildi və xristian qaçqınlarının bu əyalətə

yerləşdirilməsi xüsusilə geniş vüsət aldı. 1839-cu ildə Tiflisdə baş koman-

dan erməni əhalisinin müsəlman bəylərinin hakimiyyətindən azad edilməsi

haqqında qərar qəbul etdi, çünki, onun fikrinə görə, “xristian olan ermənilər

müsəlman ağaların hakimiyyəti altında qala bilməzlər”. (69)

Lakin Quba əyalətinin vəziyyətinin təsvir edildiyi sənədlərdən görün-

düyü kimi, bu əyalətin əhalisi yalnız dini mənsubiyyətinə görə deyil, həm də

hakimiyyətə “bağlılığına” görə nəzərə alınırdı. F.A.Şnitnikov “Quba əyalətinin

əhalisinin çox hissəsinin sünni təriqətindən olan müsəlmanlardan, az

hissəsinin isə erməni və yəhudilərdən ibarət olduğunu” vurğulayaraq, onların

fərqli xüsusiyyət və xarakterləri barədə öz “təsviri”ndə yazırdı: “Müsəlmanlar

bərəkətli və məhsuldar torpaqlarda yerləşməklə, az zəhmətlə həyat üçün

lazım olan bütün nemətləri əldə edirlər, daha boş və məzmunsuz həyat

sürürlər, bu səbəbdən də onlara bir sıra naqis ehtiraslar hakim kəsilmişdir:

pul hərisliyi, şəhvət, məkr, digər dinə mənsub olanlara qarşı nifrət, (bu

sonuncuların qarşısında onlar öz həmməzhəbinin cinayətini gizlədərək, al-

lah qarşısında yalandan and içməkdən belə çəkinmirlər), həmçinin qisasçılıq

(bu zaman öz doğmalarına belə rəhm etmirlər). Onların tərifəlayiq cəhətləri

isə dinə ciddi riayət etmələri, qonaqpərvərlik və havadarlıq, təqib olunana

sığınacağın verilməsidir.

Ermənilərin sayı burada son dərəcə azdır, onlar sakit həyat tərzi

sürür, zəhmətkeşdirlər və öz qanunlarını ciddi şəkildə müdafiə edərək, rus

hökumətinə sadiqdirlər.

Yəhudilərin fərqləndirici xüsusiyyətləri inadcıllıq, yalançılığa meyl, var-

dövlətin yığmağa hərislik, müsbət cəhətləri isə dini qaydalara ciddi riayət

etmələridir”. (70)

F.A.Şnitnikov tərəfindən yaxşı “xasiyyətnaməsinə” layiq görülən

yeganə millət – ermənilər, bununla belə, kütləvi qaydada yayıldıqları digər