Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə
66
öldürəndə isə müsəlmanlar şikayət edir və göz yaşı axıdırlar. Caparidze
mənim xahişimə ciddi yanaşdı və mənə dedi ki, sovetlər Qubaya cəza dəstəsi
göndərməyib”. (189)
D.Gelovani də cəza dəstəsinin Qubaya göndərilməsinin təşəbbüskarı
kimi Şaumyanı göstərirdi: “Amazaspın dəstəsində bircə nəfər də olsun rus
yox idi, yalnız ermənilər idi, hamısı da, sonuncuya qədər, qatı daşnaksakan,
Amazaspın özü də qatı daşnaksakandır. Hesab edirəm ki, cəza dəstəsi Quba-
ya Şaumyanın arzusu ilə göndərilmişdi, lakin qoşun seçimi hərbi nazir Korqa-
novdan asılıdır”. (190) Burada bir qubalının şahidin ifadəsi də maraq doğurur:
“bir erməni – Amazaspın Konstantinopoldan olan yoldaşı bizə dedi ki, on-
lar müsəlmanların çoxuna ona görə rəhm ediblər ki, Molla Hacı Baba çoxlu
erməni qadınını xilas edib və hətta deyirdi ki, Şaumyan bütün müsəlmanları
aman vermədən qırmağı əmr etmişdi, ancaq Molla Hacı Babanın xətrinə on-
lar bunu etmirlər”. (191)
Burada daha bir sual ortaya çıxır: Amazasp başda olmaqla ermənilərin
Qubadakı azğınlığı kim tərəfindən və hansı səbəbdən dayandırılmışdı?
Həqiqətdənmi sağ qalmış qubalıları qaçılmaz olan qanlı qisasdan Qubanın
şiə müsəlmanlarının dini rəhbəri Molla Hacı Baba Axundzadə xilas etmişdi?
Quba sakinlərinin şəhadətinə görə guya Amazasp Axundzadəyə hörmət
nümayiş etdirmiş, və hətta, “müharibə vaxtı belə hadisələr qaçılmazdır” demək-
lə özünə bəraət qazanaraq, “törədilən müsibətə görə üzr istəmişdir”. (192) Bu
hadisələrdən sonra Qubadan Bakıya çıxıb getmiş Molla Hacı Baba Axundzadə
özü qubalıların onun adı ilə bağladıqları bütün ifadələri – dediyi sözləri
və hərəkətləri, o cümlədən erməni qadınlarının xilas edilməsi, ermənilər
tərəfindən zorlanmış qadın və qızların siyahısının tərtib edilməsini və sairi, –
təkzib edirdi. (193)
Lakin Gelovaninin şəhadətləri Quba qırğınlarının dayandırılmasına
həqiqətən səbəb olmuş tamamilə başqa bir adamın adını çəkmək ehtimalını
ortaya çıxarır. Bu adamın adı Mir Cəfər Bağırov idi.
* * *
Azərbaycanın gələcək “Sahibi”, uzun illər Azərbaycan Kommunist
Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsini tutmuş və şübhəsiz
ki, Azərbaycan tarixinə daxil olmuş tanınmış qubalılardan biri olan Mir
Cəfər Bağırov öz iradəsi iləmi, yaxud yaranmış şəraitin hökmü ilə, hər hal-
da 1918-ci il Quba hadisələrinin əsas da olmasa da, kifayət qədər tanınmış
iştirakçılarından birinə çevrilir. Onun adı “bolşevik”, “qubalı qatı bolşevik”,
“yerli bolşevik” kimi dəfələrlə həm qubalılar, həm də Gelovani tərəfindən
xatırlanır. Mir Cəfər Bağırov özü hələ 1923-cü ildə, Az.SSR DİK Dövlət
Siyasət İdarəsinin (DSİ) sədri olduğu zaman yazdığı tərcümeyi-halında Quba




